Mənzil bazarında yeni tikililərin sayı azalıb, köhnə tikililər bahalaşıb
"Son illərdə bazarda həm yeni, hən də köhnə tikili binalarda mənzillərin sayı əhəmiyyətli dərəcədə azalıb".
Bu sözləri Operativ Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, buna səbəb xüsusilə 2020-ci ildən sonra yeni tikilmiş binalara sərəncamların verilməsinin məhdudlaşdırılmasıdır:
“Nəticədə tikinti layihələrinin həcmində də azalma müşahidə olunur. Əgər 2016-cı il ilə 2026-cı ili müqayisə etsək, inşaat həcmində təxminən 5-6 dəfə azalma baş verib.
Bu tendensiya şəhərsalma siyasətinə və yeni tikililərə olan tələbatı ciddi şəkildə təsir edir. Bazarda qiymətləri tələbat müəyyən edir və yüksək tələbat səbəbindən 2020-ci ildə tikilmiş binalarda mənzillərin sayı azalıb, alıcılar isə yüksək qiymətlərlə razılaşmağa məcbur olurlar.
Şəhərsalma siyasətinin effektivliyi üçün yeni tikilmiş binaların sayı artırılmalı, tikinti layihələri çoxaldılmalı və tikinti şirkətləri arasında rəqabət təmin olunmalıdır. Hazırda rəqabət minimum səviyyədədir”.
O bildirib ki, təkcə paytaxtda 16 minə yaxın bina mövcuddur və onların təxminən 1100 ədədi qəzalı və ya qismən qəzalı vəziyyətdədir:
“Dövlət imkanları geniş olsa da, mövcud 20-50 tikinti şirkəti köhnə yaşayış fondunu yeniləmək üçün kifayət etmir. Bazarda bu şirkətlərin sayı 200-300-ə çatdırılmalıdır ki, köhnə binalar aktiv şəkildə sökülüb yeniləri ilə əvəz olunsun. Bu proses qiymətlərin sabitləşməsinə və rəqabətin artmasına da səbəb olacaq.
Hazırda tikinti şirkətləri mənzillərin 90-95%-ni təmir olunmamış şəkildə satır. Bu bazarda uzunmüddətli planlaşdırma və keyfiyyət məsələlərini çətinləşdirir. Şirkətlər tez tikmək və tez satmaqla maraqlanır, bu isə həm alıcının həm də bazarın ziyanına olur”.
