"Aprel döyüşləri zəfərə aparan yolun ilk mühüm mərhələsi oldu" - Deputat
“Aprel döyüşləri böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, texniki baxımdan Aprel döyüşlərində Ordumuz döyüş qabiliyyətini, ən müasir silah və sursatları, xüsusilə də yeni nəsil hərbi texnologiyaları yerli şəraitdə, real müharibə mühitində tətbiq etmək və sınaqdan keçirmək imkanı əldə edib:
“Mənəvi baxımdan isə Aprel əməliyyatları Azərbaycan xalqının əzmi və milli birliyinin sınağı üçün mühüm mərhələ oldu. Biz xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. 25 ildən sonra nəhayət ki, o zaman hələ də işğal altında olan ərazilərimizin bir qismini azad etdik, Böyük Qayıdışın ilk kiçik modelini reallaşdırdıq. Cocuq Mərcanlı nümunəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi nümayiş etdirdik.
Aprel döyüşləri Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də səmimi şəkildə inandığı “məğlubedilməzlik” mifini darmadağın etdi.
2016-cı ilin aprelinə qədər Ermənistanda belə hesab edirdilər ki, heç kim Ohanyan səddini keçə bilməz. Lakin Azərbaycan hərbçiləri bunu cəmi bir neçə saat ərzində bacardı. Aprel qələbəmiz, eyni zamanda, Ermənistanda Sarkisyan-Köçəryan cütlüyünün və xunta rejiminin dayaqlarının sarsılmasına səbəb oldu.
Bu baxımdan, Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi deyil, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə kimi yanaşmalıyıq. Heç şübhəsiz ki, Vətən müharibəsi və sonrakı antiterror tədbirlərində qazandığımız şanlı qələbələrin, eləcə də bu qələbələrin yaratdığı yeni reallıqlar fonunda formalaşan sülh şəraitinin əsasını təşkil edən amillər sırasında Aprel qələbəsinin yaratdığı geosiyasi vəziyyət xüsusi yer tutur.
Bu mənada, Aprel qələbəsi yalnız hərbi uğur deyil, həm də bütövlükdə region üçün yeni reallıqlara yol açan tarixi proseslərin başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir”.