Yaşayış binalarında təhlükəsizlik standartlarına əməl olunmamasının yaratdığı risklər - Ekspert xəbərdarlıq edir
Şəhərsalma qaydalarına əməl olunmadan, xüsusilə binalar arasında ara məsafəsi düzgün saxlanılmadan aparılan tikinti işləri ciddi təhlükələr yaradır. Bu cür sıx yerləşmə hallarında yanğın baş verdikdə alovun sürətlə yayılması, yanğınsöndürmə texnikasının əraziyə daxil ola bilməməsi və insanların vaxtında təxliyə olunmasının çətinləşməsi kimi problemlər ortaya çıxır. Eyni zamanda təcili tibbi yardım və digər operativ xidmətlərin hadisə yerinə gec çatması riskləri artırır. Nəticədə ilkin olaraq lokal görünən hadisə qısa müddətdə daha böyük fəsadlara səbəb ola bilir və bu hallar real həyatda tez-tez baş verən təhlükəli situasiyalarla özünü göstərir.
Mövzu ilə bağlı Operativ Media-ya təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev danışıb.
O bildirib ki, yaşayış və qeyri-yaşayış binalarında mühəndislik baxımından ara məsafələrinin düzgün qorunmaması ciddi risklər yaradır:
"Bu zaman xüsusilə yanğın baş verdikdə problem daha da böyüyür. Yanğın zamanı yaranan alov və istilik radiasiyası birbaşa qonşu binaya keçir, alov sürətlə yayılır və nəticədə bir binada başlayan yanğın qısa müddətdə bir neçə binanı əhatə edə bilər.
“Əsas risk ondan ibarətdir ki, yanğın artıq lokal hadisə olmaqdan çıxır və genişmiqyaslı fəlakətə çevrilir. Xüsusilə köhnə izolyasiya materialları və yanmaya meyilli fasad örtükləri olduqda bu təhlükə daha da artır.
Digər mühüm problem isə yanğınsöndürmə texnikasının əraziyə daxil ola bilməməsidir. Binaların sıx yerləşməsi səbəbindən texnika yaxınlaşa bilmir, giriş yolları məhdud olur və bu da müdaxilə vaxtını uzadır. Nəticədə hər mərhələdə 5–10 dəqiqəlik gecikmələr yaranır ki, bu da yanğının yayılmasının qarşısını almağı çətinləşdirir.
Bundan əlavə, insanların təxliyəsi də çətinləşir. Dar keçidlər və qeyri-düzgün planlaşdırılmış çıxış yolları insanların təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılmasına mane olur. Eyni zamanda təcili tibbi yardımın əraziyə daxil olması gecikir ki, bu da xəsarət və ölüm hallarının artmasına səbəb ola bilər”.
