Urbanist: "Dar küçələr asfalt yox, daş örtüklə döşənməlidir"
“Kənd və qəsəbələrdə küçələrin asfaltlanması hər nə qədər sevindirici olsa da, bunun bəzi ciddi problemləri də var. Xüsusilə dar küçələrdə həm piyadaların, həm də avtomobillərin eyni məkanda hərəkət etməsi çətinləşir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında urbanist Anar Əliyev deyib.
O bildirib ki, belə hallarda alternativ yanaşmalar tətbiq etmək mümkündür:
“Məsələn, asfalt örtüyü əvəzinə daha davamlı daş döşəmələrdən istifadə edilə bilər. Bu təcrübə artıq bəzi ərazilərdə tətbiq olunub. Məsələn, Balaxanıda aparılan yenidənqurma işləri zamanı küçələr daşla döşənib və “ortaq məkan” prinsipi tətbiq edilib. Bu yanaşma həm nəqliyyat vasitələrinin sürətini təbii şəkildə azaldır, həm də piyadaların daha təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.
Ancaq əsas məsələ təkcə örtük seçimi ilə bitmir. Ən vacib problem yağış sularının düzgün idarə olunmamasıdır. Küçələrin kənarında mütləq drenaj sistemləri qurulmalıdır. Alternativ olaraq, bəzi kiçik yaşayış məntəqələrində istifadə olunan arxlar da effektiv həll yolu ola bilər. Bu arxlar xüsusi kanallar vasitəsilə suyu toplayaraq yaxınlıqdakı çaylara və ya digər axın istiqamətlərinə yönləndirir. Lakin onların üzəri mütləq qapalı olmalıdır ki, təhlükə yaratmasın.
Daha geniş miqyasda isə şəhərsalma zamanı yağış sularının idarə olunması sistemli şəkildə nəzərə alınmalıdır. Yaşıl zonaların yaradılması, suyun həmin sahələrə yönləndirilməsi kimi ekoloji yanaşmalar da tətbiq oluna bilər.
Təəssüf ki, hazırda bir çox hallarda küçələr sadəcə təmir olunaraq asfaltlanır, lakin drenaj və kanalizasiya məsələləri diqqətdən kənarda qalır. Nəticədə isə yağış zamanı həmin küçələr suyun axacaq istiqaməti olmadığı üçün gölə çevrilir”.