Menyu

Evdə qeydiyyatda olan şəxsləri necə çıxarmaq olar? - İZAH

Operativ Media
Evdə qeydiyyatda olan şəxsləri necə çıxarmaq olar? - İZAH

“Evdə qeydiyyatda olan yad şəxslərin çıxarılması məsələsi Azərbaycan qanunvericiliyinə görə mülki hüquq münasibətidir və bu cür hallar əsasən məhkəmə qaydasında həll olunur. Əgər hər hansı şəxs sizin mülkiyyətinizdə olan yaşayış sahəsində qeydiyyatdadırsa, bu, avtomatik olaraq ona daimi və mütləq yaşayış hüququ vermir. Lakin həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun hüquqi statusu və faktiki vəziyyəti nəzərə alınmalıdır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Əlövsət Allahverdiyev deyib. 

O bildirib ki, əgər qeydiyyatda olan şəxs evdə faktiki yaşamırsa və həmin ünvandan istifadə etmirsa, mülkiyyətçi kimi siz onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz:

“Bu zaman məhkəməyə təqdim olunan sübutlar (məsələn, şəxsin başqa ünvanda yaşaması, kommunal xidmətlərdən istifadə etməməsi və s.) mühüm rol oynayır. Məhkəmə həmin şəxsin yaşayış sahəsi ilə real bağlılığının olmadığını müəyyən edərsə, onun qeydiyyatdan çıxarılması barədə qərar qəbul edə bilər.

Əgər şəxs evdə yaşayır və könüllü şəkildə çıxmaq istəmirsə, bu halda da mülkiyyətçi məhkəməyə müraciət edərək onun yaşayış hüququnun ləğvini və yaşayış sahəsindən çıxarılmasını tələb edə bilər. Bu zaman məhkəmə tərəflərin hüquqlarını balanslaşdıraraq qərar verir və zərurət olduqda həmin şəxsin başqa yaşayış imkanlarının olub-olmamasını da nəzərə alır.

Qanunvericiliyə əsasən, qeydiyyat məsələləri ilə bağlı dövlət orqanları yalnız texniki funksiyanı yerinə yetirir və mübahisəli hallarda qərar vermək səlahiyyətinə malik deyil. Bu səbəbdən, qeydiyyatda olan şəxsin razılığı olmadıqda və ya vəziyyət mübahisəlidirsə, onun qeydiyyatdan çıxarılması yalnız məhkəmə qərarı əsasında mümkündür.

Nəticə etibarilə, evinizdə qeydiyyatda olan yad şəxsin çıxarılması üçün ən effektiv və hüquqi baxımdan düzgün yol məhkəməyə müraciət etmək, onun yaşayış sahəsindən istifadə hüququnun ləğv olunmasını tələb etmək və məhkəmə qərarı əsasında qeydiyyatdan çıxarılmasını təmin etməkdir”.

Əlaqəli Xəbərlər