Bakıda Caz və Şərab festivalı keçiriləcək
Dənizkənarı Milli Park şəhər həyatının mədəni ritmini zənginləşdirəcək növbəti möhtəşəm tədbirə ev sahibliyinə hazırlaşır. 24 aprel – 3 may tarixlərində burada ilk dəfə Caz və Şərab festivalı keçiriləcək.
Operativ Media xəbər verir ki, festivalın əsas məqsədi yüksək keyfiyyətli caz musiqisini, zərif qastronomik təcrübələri və seçilmiş şərab istehsalçılarını bir məkanda birləşdirərək ziyarətçilərə fərqli və unudulmaz mühit təqdim etməkdir. 10 gün müddətində ziyarətçiləri tanınmış caz ifaçılarının canlı konsertləri, improvizasiyalar, gənc musiqi kollektivlərinin çıxışları və zövqlü musiqi proqramları gözləyir. Bununla yanaşı, yerli məhsullar və istehsalçıların tanıdılması və dəstəklənməsi məqsədilə müxtəlif qastronomik layihələr və yerli şərab istehsalçıları öz məhsullarını təqdim edəcək, dequstasiyalar və master klasslar qonaqların ixtiyarına veriləcək.
Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində geniş ziyarətçi auditoriyası üçün nəzərdə tutulan festival hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Festival ərazisinə giriş sərbəstdir. Festival iştirakçıları hər gün saat 19:00-21:00-dək yerli caz ifaçılarının canlı konsert proqramlarını dinləmək imkanı əldə edəcək. Konsert üçün ayrılmış xüsusi zonalar üçün biletlərin satışı şəhərin kassalarında və onlayn platformalarda təşkil olunub.