Menyu

Doğum haqqında şəhadətnamə necə alınır? - İZAH

Ayşən Sadıxzadə
Doğum haqqında şəhadətnamə necə alınır? - İZAH

Uşağın dünyaya gəlməsi ilə valideynlərin üzərinə yalnız mənəvi deyil, həm də hüquqi öhdəliklər düşür. Bu öhdəliklərin ən mühümlərindən biri uşağın vaxtında və düzgün qaydada dövlət qeydiyyatına alınmasıdır.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O, bildirib ki, yeni doğulan uşaq üçün ilk əldə edilməli sənəd doğum haqqında tibbi arayışdır:

"Bu sənəd doğum faktını, vaxtını və yerini təsdiq edir, doğumun baş verdiyi tibb müəssisəsi tərəfindən verilir və uşağın rəsmi qeydiyyata alınması üçün əsas sənəd hesab olunur.

Əgər doğum tibb müəssisəsindən kənarda baş vermişdirsə, bu halda doğum faktı müvafiq tibb işçilərinin təsdiqi və ya qanunvericiliklə nəzərdə tutulmuş digər prosedurlar əsasında rəsmiləşdirilir".

Doğumun qeydiyyatı hansı müddətdə aparılmalıdır?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşağın doğumu doğulduğu gündən etibarən 1 ay (30 gün) müddətində dövlət qeydiyyatına alınmalıdır.

Qeyd olunan müddətdə üzrlü səbəblər olmadan müraciət edilmədikdə, valideynlər inzibati məsuliyyət daşıyırlar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 562.3-cü maddəsinə əsasən, doğumun qeydə alınması üçün qanunla müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə valideynlərə xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə tətbiq olunur.

Hansı quruma müraciət edilməlidir?

Uşağın doğumunun dövlət qeydiyyatı üçün valideynlər Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə, ASAN xidmət mərkəzlərinə, habelə xaricdə olduqda Azərbaycan Respublikasının konsulluq idarələrinə müraciət edə bilərlər. 

Hansı sənədlər tələb olunur?

Doğumun dövlət qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 

• valideynlərin nikah haqqında şəhadətnaməsi; 

• doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən verilmiş sənəd (Forma 103); 

• zəruri hallarda digər sənədlər (məsələn, atalıq müəyyən edilməsi ilə bağlı sənədlər və s.). 

Əlaqəli Xəbərlər