Avtobuslarda gediş haqqını ödəməyən şəxslər cərimə edilə bilər? - AÇIQLAMA
İctimai nəqliyyatda gediş haqqının ödənilməsi sərnişinlərin əsas vəzifələrindən biridir və bu, nəqliyyat xidmətlərinin davamlı, rahat və keyfiyyətli şəkildə göstərilməsi üçün vacibdir. Gediş haqqı yalnız biletin alınması deyil, həm də digər sərnişinlərin haqlarının qorunmasına, avtobus və digər ictimai nəqliyyat vasitələrinin düzgün işləməsinə xidmət edir. Ödənişsiz səyahət halları təkcə maddi zərər yaratmır, eyni zamanda sistemin ədalətli işləməsinə təsir göstərir və inzibati qaydada müəyyən məsuliyyət tədbirlərinə səbəb ola bilər. Bu baxımdan, sərnişinlərin gediş haqqını vaxtında ödəməsi həm fərdi məsuliyyət, həm də ictimai nizam-intizamın qorunması baxımından önəm daşıyır.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Amid Əsgərov danışıb.
O bildirib ki, avtobuslarda gediş haqqını ödəməyən şəxslər cərimə edilə bilər:
“Bu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 319.1-ci maddəsinə əsasən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə - 5 manat;
319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə- 15 manat məbləğində;
319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə- 25 manat məbləğində cərimə edilə bilər”.