Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlıq genişlənir
Aprelin 8–9-da Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
Operativ Media-ya bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
İclas çərçivəsində iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Görüş zamanı beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 10 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2 500 icazə blankının mübadiləsi barədə razılıq əldə olunub.
Statistik göstəricilərin təhlili və artan yük axını nəzərə alınaraq, 2027-ci il üzrə icazə blanklarının ilkin illik kvotası ikitərəfli və tranzit daşımalar üzrə 18 faiz artırılaraq 65 000 ədədə, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 50 faiz artırılaraq 7 500 ədədə çatdırılıb.
Tərəflər avtomobil nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın dinamik inkişafını, həmçinin son dövrdə beynəlxalq yük daşımalarının həcmində əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd ediblər. Bununla əlaqədar, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə, Özbəkistan və Qırğızıstan ilə elektron icazə sisteminin (e-permit) tətbiqini uğurla həyata keçirir, Qazaxıstan ilə isə bu sistemin tətbiqi üzrə işlər yekun mərhələdədir.
Gürcüstan ilə mübadilə edilən icazə blanklarının elektronlaşdırılması məqsədilə e-permit sisteminin tətbiqi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə sistemin tətbiqinin sürətləndirilməsi üçün mayın 1-dən birgə texniki işçi qrupunun yaradılması və müvafiq işlərə başlanılması barədə razılıq əldə olunub.
İclasın yekununa dair müvafiq protokol imzalanıb.