Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Sabirabad, Samux və Ağcabədi rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli, Xətai rayonu İnqilab İsmayılov küçələrində, Binəqədi rayonu Novxanı bağlar massivində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə, 139 ünvanında, Badamdar qəsəbəsi C. İbrahimli küçəsi, 15 ünvanında, Abşeron rayonu Aşağı Güzdək və Masazır qəsəbələri ərazisində, Abşeron rayonu Məmmədli-Kürdəxanı avtomobil yolunun sol hissəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti, 151 ünvanında, Sabirabad rayonunun Sarxanbəyli kəndi yaxınlığında, Samux rayonunun Yenikənd kəndi və Ağcabədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 317 min 180 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanılmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.