Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır
Bu təşəbbüs çərçivəsində artıq dördüncü görüş baş tutub, ilk səfərlər artıq həyata keçirilib. Həmin vaxt Azərbaycan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Ermənistana, daha sonra isə Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Azərbaycana səfər etmişdi. Bu il isə daha geniş tərkibdə, təxminən 20 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib. Hazırkı dövrdə bu prosesin simvolik mənası ondan ibarətdir ki, gediş-gəliş delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsindən həyata keçirilir.
Operativ Media xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
Mərkəzin direktoru Sülh gündəliyinin Vaşinqton sammitində təsdiq edildiyini və bu çərçivədə dövlətlərarası yüksək səviyyəli dialoq mövcud olduğunu deyib: "Buraya liderlər və dövlət strukturları daxildir. İqtisadi münasibətlər formalaşmaqdadır. Bu prosesə tranzitin təşkili, birbaşa ticarət və eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində dialoq daxildir ki, bunlar artıq reallaşdırılır".
F.Məmmədovun fikrincə, “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi ondan ibarətdir ki, əvvəllər də buna bənzər dialoq platformaları olsa da, onlar əsasən üçtərəfli formatda, yəni vasitəçi və ya donor təşkilatların təşəbbüsü ilə həyata keçirilirdi. Hal-hazırda isə bu proses hökumətlərin dəstəyi ilə reallaşır və vətəndaş cəmiyyəti nümayəndələri də burada fəal iştirak edirlər.