Hesablama Palatası: 13 qurumda 30 halda artıq xərclərə yol verilib
Bağlanmış müqavilədə artıq xərclərin aparılması - bu nöqsana 13 qurumda 30 halda yol verilib. Bu, cari nəzarətin gücləndirilməsini tələb edir. Satınalma müqavilələrinin şərtlərində, o cümlədən qiymətlərində dəyişiklik edilməsi - bu növ pozuntuların sayı ümumi pozuntuların sayının 1/3-nə bərabərdir. Xüsusi çəkisi kifayət qədər böyükdür. Bu isə sövdələşmə və digər risklərin mövcudluğunu göstərir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 və daha çox fərqlənib:
“Eyni zamanda bir mənbdən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır. 2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq olunamqla keçirilmiş dövlət satınalmaları barədə məlumata əsasən, bir mənbə üzrə satınalmanın yalnız 2 faizində ehtimal olunan məbləğ hesablanıb. Aparılan təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, tibb sahəsi və enerji layihələri kimi sahələr üzrə bağlanmış müqavilələr üzrə olub".