Menyu

Yüksək məhsuldarlığın sirri nədədir? - Ekspert açıqlayır

Ayşən Sadıxzadə
Yüksək məhsuldarlığın sirri nədədir? - Ekspert açıqlayır

Aprel ayında aparılan yaz əkinlərində məhsuldarlığın yüksək olması üçün ən vacib mərhələlərdən biri torpağın düzgün hazırlanmasıdır. Torpaq əkindən əvvəl dərin şumlanmalı, yumşaldılmalı və nəm balansı qorunmalıdır. Əgər torpaq çox sıx və ya quru qalırsa, toxumun cücərməsi zəifləyir və bitkinin inkişafı gecikir. Gübrələmə də bu mərhələdə düzgün planlanmalıdır, çünki torpağın qida maddələri balansı məhsulun gələcəyini müəyyən edir. Azot, fosfor və kaliumun düzgün nisbətdə verilməsi bitkinin həm kök, həm də gövdə inkişafını gücləndirir.

Bu sözləri Operativ Media-ya açıqlamasında aqrar ekspert Akif Nəsirli deyib.

O bildirib ki, yazlıq əkinlərdə hava şəraiti və iqlim dəyişiklikləri məhsula ciddi təsir göstərə bilər. Temperaturun qəfil dəyişməsi, yağıntının az və ya çox olması, eləcə də quraqlıq dövrləri bitkilərin inkişafını zəiflədir:

“Qarğıdalı, günəbaxan və tərəvəzlər xüsusilə suya və stabil temperatura həssasdır. Bu riskləri azaltmaq üçün damcı suvarma kimi müasir suvarma üsullarından istifadə etmək, torpaqda nəm saxlayan texnologiyalar tətbiq etmək və hava proqnozlarını izləyərək əkin vaxtını düzgün seçmək vacibdir.

Toxum seçimi də məhsuldarlığa birbaşa təsir edən əsas amillərdəndir. Keyfiyyətli və sertifikatlı toxumlar daha yaxşı cücərmə verir, xəstəliklərə qarşı davamlı olur və daha yüksək məhsul təmin edir. Yerli iqlimə uyğunlaşdırılmış sortların seçilməsi xüsusilə önəmlidir, çünki hər toxum hər bölgədə eyni nəticəni vermir. Fermerlər toxum alarkən onun mənşəyinə, cücərmə faizinə və xəstəliklərə davamlılıq göstəricilərinə diqqət etməlidirlər”.

Əlaqəli Xəbərlər