Vergidə üfüqi monitorinq üçün ərizənin forması və doldurulma qaydası təsdiqlənib
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Üfüqi monitorinqə qəbulu üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası"nı təsdiqləyib.
Operativ Media xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, ərizə üfüqi monitorinqə qəbulu üçün müraciət edən vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və yaxud nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə doldurularaq uçotda olduğu vergi orqanına təqdim ediləcək.
Ərizə aşağıdakı qaydada doldurulacaq:
- "Ərizəni təqdim edən vergi ödəyicisinin adı və VÖEN-i" hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i qeyd olunur.
- "Ərizənin təqdim edildiyi vergi orqanının adı" hissəsində ərizənin təqdim edildiyi vergi orqanının adı qeyd olunur.
- "Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi barədə məlumatlar" hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı qeyd edilir. Ərizə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə ərizədə səlahiyyətli nümayəndə barədə məlumatlar qeyd edilir.
- "Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası və ərizənin doldurulduğu tarix" hissəsi ərizə kağız daşıyıcıda təqdim edildikdə ərizəni təqdim edən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və ərizənin doldurulduğu tarix qeyd olunur, habelə hüquqi şəxs tərəfindən təqdim edildikdə möhürlə təsdiq edilir. Ərizə elektron kabinet vasitəsilə təqdim edildikdə gücləndirilmiş elektron imza ilə təsdiq edilir və ərizənin doldurulduğu tarix qeyd olunur.
-Ərizəyə Vergi Məcəlləsinə uyğun sənədlər və məlumatlar, habelə ərizə etibarnamə üzə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə nümayəndənin səlahiyyətini təsdiq edən sənədlər əlavə ediləcək.