Zığ sakinlərinin yol problemi nə vaxt həll olunacaq? – Rəsmi cavab
Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış massivində, Duzlu göl ətrafında yol infrastrukturu ilə bağlı ciddi problem yaşanır.
Bu barədə Operativ Media-ya sakinlər məlumat veriblər.
Məlumata görə, ərazidə yolların pis vəziyyətdə olması ictimai nəqliyyatın normal işləməsinə də imkan vermir.
Sakinlərin sözlərinə görə, yol şəraiti qənaətbəxş olmadığına görə, ərazidə fəaliyyət göstərən 183 nömrəli marşrut avtobusunun sayı da azaldılıb.
Daşıyıcı şirkətin direktoru Qalib Salahov saytımıza bildirib ki, təxminən 10 min manat vəsait xərcləyərək yolu öz hesablarına təmir etdiriblər:
“Lakin hazırda yollar yenidən bərbad vəziyyətə düşüb. Avtobuslar tez-tez sıradan çıxır. Bu şəraitdə həmin ərazidə fəaliyyət göstərmək sahibkar kimi bizim üçün artıq sərfəli deyil".
Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, heç bir qurum məsuliyyəti üzərinə götürməyib.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrin təmiri ilə bağlı vətəndaş müraciətləri nəzərə alınıb.
Bildirilib ki, tərəflərindən məsələ aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə yönləndirilib və bununla bağlı rəsmi məktub ünvanlanıb.
Qurumdan verilən məlumata görə, asfaltlanma işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, qəsəbədaxili yolların təmiri və bərpası onların balansında deyil.