Deputat Qarabağ Universitetinə alman alimlərinin kitablarını hədiyyə edib -FOTO
16–18 aprel 2026-cı il tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” mövzusunda 3 günlük tədbirlər keçirilib.
Operativ Media xəbər verir ki, forumun ikinci günündə “Qayıdış Konsepsiyası: Diplomatik Perspektivlər və Regional Təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edilib.
Tədbirin sonunda Rizvan Nəbiyev alman alimləri Yohannes Rau, Rüdiger Kipke və Mixael Raynhard Hessin Berlində nəşr olunmuş əsərlərini Qarabağ Universitetinin kitabxanasına hədiyyə edib.
Qeyd olunub ki, Qarabağ Universitetində hüquq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin fəallığı və interaktiv müzakirələrdə iştirakı yüksək qiymətləndirilib, bu müzakirələrin regionda davamlı sülhün və ədalətli inkişafın təmin olunmasına mühüm töhfə verdiyi bildirilib.
Xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirak edib. Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan universitet regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığı və müasir təhsil mühitinin formalaşdırılması məqsədi daşıyır.
Dövlət başçısının diqqət və qayğısı nəticəsində qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu formalaşdırılıb, genişmiqyaslı abadlıq işləri həyata keçirilib və yeni tədris korpuslarının tikintisi davam etdirilir.