Rizvan Nəbiyev: Bakı platforması aktual çağırışlara tarixi ənənələrin və müasir yanaşmanın sintezini təqdim edir
Ölkəmizdə keçirilən tədbirlərə yalnız klassik diplomatiyanın uğuru kimi deyil, ümumilikdə ictimai diplomatiyanın, mədəniyyət diplomatiyasının və daha geniş mənada ölkənin beynəlxalq təbliğatı baxımından yanaşmaq lazımdır. Çünki qlobal səviyyəli məsələlərin Bakı platformasında müzakirəsi göstərir ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi mühüm qlobal çağırışların müzakirəsi və həlli üçün platforma təqdim edir. Eyni zamanda, ölkə olaraq biz həm milli, həm də regional səviyyədə qazandığımız təcrübəni bölüşür, digər ölkələrin təcrübəsini isə öyrənərək öz modelimizi formalaşdırırıq.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
O bildirib ki, bu kontekstdə Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı xüsusi diqqət çəkir. Dövlət başçısı Azərbaycanın memarlıq tarixinə ekskurs eedərək Naxçıvandakı Möminə Xatun türbəsini, Şamaxıda 743-cü ildə tikilmiş məscidi və digər tarixi abidələri qeyd etdi. Bu nümunələr göstərir ki, Azərbaycanın müasir memarlıq inkişafının əsasında güclü milli və tarixi memarlıq ənənələri dayanır. Xüsusilə ikinci neft bumu dövründə ölkədə müasir şəhərsalma və memarlıq nümunələri yaradılaraq keçmişlə bu gün arasında strateji körpü formalaşdırılıb:
“Digər vacib məsələ əldə olunan uğurların beynəlxalq səviyyədə təqdimatıdır. Hazırda urbanizasiya və məskunlaşma məsələlərinə iqlim dəyişiklikləri və münaqişələrin təsiri kontekstində yanaşma aktuallaşıb. Azərbaycan 30 ilə yaxın işğal dövrünün ağır humanitar nəticələri ilə üzləşən 300-dən çox şəhər və kəndi tamamilə dağıdılmış vəziyyətdə azad edib. Bu gün isə həmin ərazilərdə yenidənqurma və bərpa işləri sıfırdan başlanaraq aparılır, yaşayış məntəqələri müasir standartlara uyğun inşa edilir.
Nəticədə, artıq 85 mindən çox insan azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Gələcək illərdə isə Böyük Qayıdış proqramı çərçivəsində bu rəqəmin daha da artacağı, 200 yaşayış məntəqəsinin bərpa olunacağı nəzərdə tutulur.
Ümumilikdə, Bakı platforması aktual çağırışlara tarixi ənənələrin və müasir yanaşmanın sintezini təqdim edir. Bu yanaşma Azərbaycanın həm keçmiş irsini qorumasını, həm də müasir şəhərsalma və memarlıq yanaşmalarını uğurla birləşdirməsini nümayiş etdirir.
Digər mühüm məqam isə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etməsidir. Bu, regionun gələcək inkişafında ekoloji dayanıqlılıq və innovativ enerji siyasətinin əsas prioritet olacağını göstərir.
Prezidentin mesajları həm də keçmiş və müasirlik arasında sintez yaratmaqla inkişafı təmin etməyimizə diqqəti çəkməyi hədəfləyirdi”.