Brüsseldə itkin azərbaycanlıların ailələrinin aksiyası “Euronews”da
Birinci Qarabağ müharibəsindən bəri taleyi məlum olmayan 4 mindən çox azərbaycanlının ailələrinin yaxınları barədə məlumat əldə etmək tələbi ilə Brüsseldə keçirdiyi aksiya “Euronews” telekanalında işıqlandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, itkin düşmüş şəxslərin ailələri bu həftə Avropa Parlamenti və Avropa Komissiyasının qərargahları qarşısında aksiya keçirərək Avropa İttifaqı qurumlarından dəstək istəyiblər. “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkil etdiyi aksiyada yaxınlarının taleyinin müəyyənləşdirilməsi, Ermənistanın arxiv məlumatlarını açıqlaması və kütləvi məzarlıqların yerlərinin müəyyən edilməsi üçün beynəlxalq dəstək tələb olunub.
Aksiya iştirakçıları arasında itkin düşmüş uşaqların, qadınların və yaşlı insanların ailə üzvləri də olub. Onlar 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsindən sonra uzun illərdir yaxınlarının taleyi barədə məlumat gözlədiklərini bildiriblər.
Materialda qeyd olunub ki, Qarabağda son dövrlərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Ailələr yaxınlarının taleyinə aydınlıq gətirilməsi üçün beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsini vacib hesab edirlər.
Aksiya zamanı iştirakçılar itkin düşmüş yaxınlarının fotoşəkilləri, doğum tarixləri və talelərinin naməlum qalmasını simvolizə edən sual işarələri əks olunan ağ geyimlərdə olublar. Həmçinin itkin şəxslərə məxsus pasportlar, fotoşəkillər və geyimlər nümayiş etdirilib.
Aksiya iştirakçısı Fəridə Cabbarova bildirib ki, onun həyat yoldaşı Azad Cabbarov Xocalıda itkin düşüb və 34 ildir onun taleyi barədə heç bir məlumat yoxdur.
“Burada onu və itkin düşmüş, ədalət tələb edən, taleyi barədə məlumat almaq istəyən 4 mindən çox insanı təmsil edirəm”, – deyə Fəridə Cabbarova bildirib.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin rəhbəri Könül Bəbudovanın sözlərinə görə, 328 itkin şəxsin kimliyi DNT ekspertizası vasitəsilə müəyyənləşdirilib, 273 nəfərin qalıqları isə ailələrinə təhvil verilib. Bununla belə, minlərlə şəxsin taleyi hələ də naməlum olaraq qalır.
Könül Bəbudova ərazilərin minalarla və partlamamış hərbi sursatlarla çirklənməsinin axtarış işlərini çətinləşdirdiyini vurğulayıb.
Fəridə Cabbarova isə ailələrin əsas məqsədinin yaxınlarının dəfn olunduğu yerləri müəyyənləşdirmək, onların qalıqlarını əldə etmək və dəfn edərək məzarlarını ziyarət etmək imkanı qazanmaq olduğunu bildirib.
Materialda vurğulanıb ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra sülh və barışıq prosesinin də mühüm məsələlərindən biridir.
Qeyd edək ki, Ermənistan tərəfi də Qarabağ müharibələrindən sonra yüzlərlə erməninin itkin düşdüyünü bildirir və onların taleyinin müəyyənləşdirilməsini istəyir.