Macarıstan ABŞ-dən Rusiyaya görə sanksiya istisnası istəyib
Macarıstan hakimiyyəti ABŞ Konqresinə müraciət edərək Rusiyanın neft və qazının əsas alıcılarına qarşı nəzərdə tutulan yeni sanksiyaların ölkəyə tətbiq edilməməsini istəyib.
Operativ Media xəbər verir ki, bu barədə Macarıstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Marton Haydu Vaşinqtona səfərinin yekunları ilə bağlı məlumat yayıb.
Haydu ABŞ-də Demokratlar və Respublikaçılar partiyalarından olan qanunvericilərlə görüşdüyünü bildirib. O, Macarıstanın Rusiya enerji resurslarından asılılığını azaltmaq və enerji təchizatını müxtəlif mənbələr hesabına təmin etmək istiqamətində gördüyü işlərə dəstək göstərilməsini istəyib.
Komitə sədri keçid dövründə Rusiyanın enerji resurslarının alınmasına görə ABŞ-ın tətbiq edə biləcəyi cəza tədbirlərinin Macarıstana şamil olunmaması ilə bağlı da müraciət etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Macarıstan ABŞ ilə münasibətləri uzunmüddətli maraqlar və ümumi dəyərlər əsasında qurur.
Haydu qeyd edib ki, bu məsələni iyul ayında Vaşinqtona səfəri zamanı da amerikalı həmkarları ilə müzakirə edib. Həmin vaxt Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi Konqresdə hazırlanırdı.
Sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənədə əsasən, Rusiyanın əsas ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi mümkündür.
Qanun Rusiyanın neft və qazının əsas alıcıları olan ölkələrə 100 faizlik idxal rüsumlarının tətbiqinə imkan verir. Macarıstan da həmin ölkələr sırasındadır. Bununla yanaşı, ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun olduğu halda sanksiyalardan istisna tətbiq edilə bilər.
Haydu Vaşinqtonda keçirdiyi görüşlər zamanı Macarıstanın enerji təchizatını şaxələndirmək və Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün atdığı addımlar barədə məlumat verib.
Bildirilib ki, Peter Madyarın rəhbərlik etdiyi yeni Macarıstan hökuməti bu məqsədə 2035-ci ilədək nail olmağı planlaşdırır. Haydu belə bir vəziyyətdə Macarıstanın ABŞ sanksiyalarına məruz qalmasının arzuolunmaz olacağını bildirib.
Macarıstan hazırda neftin böyük hissəsini Rusiyadan “Drujba” boru kəməri ilə, qazı isə “Türk axını” və onun Bolqarıstan və Serbiyadan keçən qolları vasitəsilə alır.
Viktor Orbanın əvvəlki hökumətinin məlumatına görə, 2025-ci ildə Rusiyadan Macarıstana 8,5 milyon tondan çox neft və 7 milyard kubmetrdən artıq təbii qaz daxil olub.
dəqiqələr içində saytın olsun.