"Zoho", "Zoom", "OpenAI" Azərbaycanda vergi uçotuna alınıb
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) məlumat yayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha 3 beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
Yeni qeydiyyata alınmış şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ƏDV üzrə öhdəliklərini müstəqil şəkildə yerinə yetirərək vergini hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Bu halda həmin təchizatçılara edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.
Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron ticarət qaydasında xidmətlər təqdim edən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları ilə məlumatlandırma və kommunikasiya tədbirləri, həmin təchizatçıların qeydiyyata alınması prosesi davam etdirilir.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə keçid etməklə tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/reqemsal-iqtisadiyyat-uzre-vergitutma
dəqiqələr içində saytın olsun.