Menyu

Kestutis Budris: Litva Azərbaycanla viza prosedurlarının sadələşdirilməsi üzrə irəliləyişə ümid edir

Nərmin Qocamanlı
Kestutis Budris: Litva Azərbaycanla viza prosedurlarının sadələşdirilməsi üzrə irəliləyişə ümid edir
1 dəq oxu

Litva Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlığın inkişafı istiqamətində konkret nəticələrin əldə olunmasını vacib hesab edir.

Operativ Media xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, viza prosedurlarının sadələşdirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, hüquqi proseslər də başladılmalıdır. Bu, səfərləri və insanlar arasında təmasları artırmaqla qarşılıqlı anlaşmaya, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər.

Kestutis Budris Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Aİ-nin Azərbaycanı enerji təchizatçısı və investisiya məkanı kimi görməkdə marağı var. Bağlantılar, regional sabitlik və rifahın təşviqi də əməkdaşlığın əsas istiqamətlərindəndir.

Nazir Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın inkişafı üçün hazırkı mərhələnin əlverişli olduğunu bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional sülh məsələsinə toxunan Budris Azərbaycanın konstruktiv rolunu və sülhə sadiqliyini yüksək qiymətləndirdiklərini qeyd edib. O, Vaşinqtonda əldə olunan razılaşmaları və sülh sazişinin rəsmiləşdirilməsi istiqamətindəki prosesi izlədiklərini, Ermənistanın son açıqlamalarının yekun imzaya gətirib çıxaracağına ümid etdiklərini bildirib.

Nazir vurğulayıb ki, sülh regionda nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq. Litva tərəfi regional rifahın təmin olunmasına töhfə verməyə və öz təcrübəsini bölüşməyə hazırdır.

Əlaqəli Xəbərlər