Litva Azərbaycanda biznes və investisiya imkanlarını genişləndirmək niyyətindədir
Litva Azərbaycanda biznes və investisiya imkanlarını genişləndirmək, eləcə də iki ölkə arasında iqtisadi əlaqələri konkret nəticələrlə möhkəmləndirmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, tərəflər xalqlar arasında əlaqələrin, tələbə mübadiləsinin və biznes-to-biznes təmaslarının inkişafına önəm verir.
Nazir bildirib ki, keçiriləcək biznes müzakirələrində Litvanın iqtisadiyyat naziri və işgüzar dairələrin nümayəndələri də iştirak edəcək. Görüşlərdə konkret məhsullar, biznes imkanları və investisiya perspektivləri, Azərbaycanda fəaliyyət göstərməklə regionda genişlənmə imkanları nəzərdən keçiriləcək.
Kestutis Budris enerji və bağlantı sahələrində əməkdaşlığın da əhəmiyyətini vurğulayıb. O, Litvanın enerji təchizatı mənbələrinin şaxələndirilməsində maraqlı olduğunu, təbii qaz və neft idxalı ilə bağlı imkanların nəzərdən keçirildiyini bildirib.
Nazir, həmçinin Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyə başlayacağını xatırladaraq, bu çərçivədə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə vermək niyyətində olduqlarını bildirib.