Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib
9 sentyabr tarixində Bakıda “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat verib.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə baş tutan konfrans Asiyanın müxtəlif ölkələrindən liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələrini bir araya gətirərək regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı, limanlar arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platforma yaradıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional nəqliyyat və logistika rolunu gücləndirir, Bakı Limanının ADY-yə inteqrasiyası, eləcə də dayanıqlı infrastruktur layihələri yükdaşımaların səmərəliliyini və tranzit imkanlarını artırır:
“Bu yanaşma dəmir yolu və dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini yüksəldir – əlaqələndirmə proseslərinin müddətini qısaldır, koordinasiyanı gücləndirir və yüklərin daha sürətli hərəkətini təmin edir. Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq.
Sədr əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalması və qlobal ticarət marşrutlarındakı çağırışlar regional əməkdaşlığın əhəmiyyətini artırır və CICA liman rəhbərləri konfransı bu çağırışlarla bağlı birgə həllərin formalaşdırılması üçün mühüm platformadır.
Tədbirdə çıxış edən CICA-nın katibi Kayrat Sarıbay isə Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılmasında limanların rolunun əhəmiyyətini qeyd edib və bu cür tədbirlərin təşkilinin əməkdaşlığın dərinləşdirilməsi baxımından vacibliyini vurğulayıb.
Konfrans “Regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqlar” və “Limanların və multimodal bağlantının əhəmiyyəti” adlı iki ayrı sessiya və “dəyirmi masa” ilə davam edib.
Sessiyalar çərçivəsində regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqların yük axınlarının səmərəli təşkili, eləcə də dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası məsələləri müzakirə olunub.
Tədbirdə limanların regional bağlantıların inkişafında rolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarının gücləndirilməsi, limanların mövcud potensialı və Asiyada yük axınlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı Limanı hazırda regional yük əməliyyatları üçün mühüm halqa kimi daha geniş diqqət mərkəzindədir. Ötən il limanda 107 min TEU konteyner və 8 milyon tondan çox yük aşırılmaqla rekord nəticələr əldə olunub. Bu isə öz növbəsində beynəlxalq yük əməliyyatları üçün yeni imkanlar təqdim edir.
Həmçinin CICA üzv dövlətlərin liman qurumları arasında ikitərəfli işgüzar görüşlər keçirilib və limanlar arasında əməkdaşlığın inkişafına dair strateji müzakirələr aparılıb. Görüşlərin nəticəsi olaraq birgə Yekun Sənəd qəbul edilib.
Konfransın ikinci günündə iştirakçılar Bakı Beynəlxalq Dəniz Limanına səfər edərək limanın Ümumi yük, Bərə və Ro-Ro terminalları ilə tanış olacaq, həmçinin limanın rəqəmsal sistemlərinin tətbiqi ilə bağlı təqdimatları izləyəcəklər.
“Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans Bakı Limanının Asiya regionunda limanlararası əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafında rolunu daha da gücləndirəcək.
dəqiqələr içində saytın olsun.