Ceyhun Bayramov BMT-nin 4-cü iqlim həftəsinin yüksək səviyyəli açılış mərasimində çıxış edib
9 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT-nin 4-cü iqlim həftəsinin yüksək səviyyəli açılış mərasimində çıxış edib.
XİN-dən Operativ Media-ya verilən məlumata görə, çıxış zamanı, nazir Ceyhun Bayramov iqlim dəyişmələrinin qlobal və regional təsirləri, iqlim maliyyələşdirilməsi, enerji dayanıqlılığı, Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi tədbirlər və ölkəmizin beynəlxalq iqlim gündəliyinə verdiyi töhfələrdən danışıb.
İqlim dəyişmələrinin artıq dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər dənizinin səviyyəsinin azalmasında aydın şəkildə müşahidə edildiyini bildirən Ceyhun Bayramov bu prosesin milli iqtisadiyyatlara artan təsirlərini diqqətə çatdırıb. Bu çərçivədə, iqtisadi şaxələndirmə və enerji dayanıqlılığının milli təhlükəsizlik və uzunmüddətli iqtisadi inkişaf baxımından əhəmiyyətini vurğulayıb.
COP29 çərçivəsində Bakıda iqlim maliyyələşməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə mühüm qərarların qəbul edildiyini qeyd edən nazir “Bakı Maliyyə Məqsədi”nin lazımi qaydada yerinə yetirilməsinin vacibliyini vurğulayıb. “Bakıdan Beləmə Yol Xəritəsi”nin iqlim maliyyəsinin 1 trilyon ABŞ dollarından artıq həcmdə səfərbər edilməsinin mümkünlüyünü nümayiş etdirdiyini bildirib.
Azərbaycanın bərpa olunan enerji potensialının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirdiyi diqqətə çatdırılıb. 2030-cu ilədək artıq imzalanmış sazişlər əsasında təxminən 6 GVt həcmində əlavə günəş və külək enerjisi gücünün yaradılmasının nəzərdə tutulduğu barədə məlumat verilib.
Azərbaycanın ənənəvi enerji istehsalçısı kimi yaşıl və dayanıqlı gələcəyin öncüllərindən biri olmağa sadiq olduğunu vurğulayan nazir bu istiqamətdə həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslandığını qeyd edib.
Beynəlxalq iqlim diplomatiyasına Azərbaycanın töhfələrinin COP29 sədrliyindən sonra da davam etdiyi bildirilib. Bu çərçivədə, Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun və BMT-nin Ümumdünya Ətraf Mühit Gününün keçirilməsi, habelə Azərbaycanın Türkiyə, Braziliya və Avstraliya ilə “Belem missiyası 1.5” Troika formatında əməkdaşlığı diqqətə çatdırılıb.
Bakı İqlim Həftəsinin COP31-ə hazırlıq baxımından əhəmiyyətini vurğulayan Ceyhun Bayramov regional və çoxtərəfli tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini qeyd edib. Azərbaycanın qardaş Türkiyə ilə COP31-ə hazırlıq prosesində əməkdaşlığına diqqət çəkən nazir COP29 və COP31 sədrliyi arasında birgə səylərin regional həmrəyliyin mühüm nümunəsi olduğunu bildirib.
Çıxışının sonunda xarici işlər naziri çoxtərəfliliyin qlobal iqlim çağırışlarının həlli istiqamətində mühüm vasitə olaraq qaldığını qeyd edib və Bakı İqlim Həftəsinin praktiki həllərin təşviqinə və konkret nəticələrin əldə edilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
dəqiqələr içində saytın olsun.