Bakı-Moskva münasibətlərində yeni əməkdaşlıq istiqamətləri açıqlanıb
Bakı ilə Moskva arasında münasibətlərdə siyasi dialoqdan tutmuş müxtəlif sahələrdə əməkdaşlığa qədər yeni inkişaf istiqamətləri formalaşa bilər.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.Ru”ya müsahibəsində bildirib.
“Bu, əmtəə dövriyyəsinin artması və ya yeni investisiya layihəsi, birgə universitetin yaradılması, ya da Xəzərin sığlaşması probleminin həllində irəliləyiş, qarşılıqlı mədəniyyət günləri və ya turist axınının artması, vətəndaş cəmiyyətləri, gənclər təşkilatları və beyin mərkəzləri arasında dialoqun fəallaşması ola bilər”, – səfir deyib.
Rəhman Mustafayev Rusiya təhsil müəssisələrində Azərbaycan dilinin öyrənilməsinə, eləcə də azərbaycanlıların kompakt yaşadığı regionlarda etnomədəni komponentə malik məktəblərin açılmasına xüsusi diqqət ayrıldığını bildirib.
“Müvafiq tapşırıqlar parlamentlərarası komissiyanın aprel iclasının protokolunda yer alıb. Bütün bunlar münasibətlərdə potensial inkişaf nöqtələridir”, – o qeyd edib.
Səfir 2026-cı ildə Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığının aktivləşdiyini bildirib. Onun sözlərinə görə, münasibətlərin vəziyyətinin əsas göstəricilərindən biri yüksək səviyyəli səfərlərin sayıdır.
“Bu ilin yeddi ayı ərzində 30 ikitərəfli səfər baş tutub. Ən uğurlu hesab edilən 2024-cü ildə səfərlərin sayı 66, böhranlı 2025-ci ildə isə 20 olub”, – Mustafayev deyib.
O, yüksək və ali səviyyələrdə müntəzəm siyasi dialoqun davam etdiyini vurğulayıb.
“Ölkələrimizin prezidentləri iki dəfə telefonla danışıblar. Hökumət başçıları və Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri olan baş nazir müavinləri arasında əlaqələr saxlanılır”, – səfir bildirib.
Rəhman Mustafayev regionlararası əməkdaşlığın da aktivləşdiyini qeyd edib. O bildirib ki, ilin sonunadək Ryazan vilayəti, Altay diyarı, Moskva və Voronej vilayətindən Azərbaycana biznes-missiyaların səfəri planlaşdırılır.
“Kareliya Respublikası, Tatarıstan Respublikası, Dağıstan Respublikası, Krasnoyarsk diyarı, Həştərxan və İrkutsk vilayətləri, eləcə də Rusiyanın digər regionları Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər”, – o deyib.
Səfir mədəni-humanitar əməkdaşlığın da canlandığını bildirib. Onun sözlərinə görə, 2026-cı ilin martından 2027-ci ilin yanvarınadək Azərbaycanda konsertlər, teatr tamaşaları, akademik musiqi proqramları, mədəni-maarifləndirici və xatirə tədbirləri daxil olmaqla 30-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub.
“Nəhayət, bu yaxınlarda AZAL aviaşirkətinin Bakı ilə Rusiyanın üç şəhəri arasında birbaşa reyslərinin bərpa edilməsi barədə qərar qəbul edilib”, – Rəhman Mustafayev qeyd edib.
dəqiqələr içində saytın olsun.