“Kəpəz” azarkeşi məşəl yandırdığı üçün cərimələndi
“Kəpəz” – “Qəbələ” oyununda stadionda qadağan olunmuş pirotexniki vasitədən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 12-də Gəncə Şəhər Stadionunda keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən pul cəriməsi tətbiq edilib. Belə halın təkrarlanacağı təqdirdə 15 günədək inzibati həbs cəzasının verilə biləcəyi bildirilib.
“Kəpəz” PFK etik normaları əsas götürərək həmin şəxsin ad-soyadını, foto və videogörüntülərini yayımlamayıb. Klub futbol azarkeşlərinə pirotexniki vasitələrin satışının, əldə edilməsinin və istifadəsinin Azərbaycan qanunvericiliyinə əsasən qadağan olduğunu xatırladıb.
Klubun məlumatına görə, pirotexniki vasitələrin düzgün istifadə edilməməsi müxtəlif xəsarətlərə səbəb ola bilər. Kütləvi tədbirlər zamanı belə vasitələrdən istifadə digər şəxslərin həyat və sağlamlığı üçün də təhlükə yaradır.
“Kəpəz” Gəncə Şəhər Stadionunda azarkeşlərin oyunları rahat izləməsi üçün tədbirləri davam etdirəcəyini açıqlayıb. Stadionda və tribunlarda qaydalara zidd hallar aşkarlandığı halda ictimai asayişi pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə “Kəpəz”i son iki həftədə iki dəfə cərimələyib. Klub “Turan Tovuz”la oyundan sonra 3000, “Qəbələ” ilə qarşılaşmadan sonra isə 5000 manat cərimələnib.
dəqiqələr içində saytın olsun.