Menyu

İlhamə Qədimova: Məhsul şəhadətnaməsində məhsulun miqdarı və keyfiyyəti göstəriləcək

Xəbərlər redaksiyası
İlhamə Qədimova: Məhsul şəhadətnaməsində məhsulun miqdarı və keyfiyyəti göstəriləcək

Məhsul şəhadətnaməsi üzrə öhdəlik yerinə yetirildikdə qiymətli kağızın müddəti başa çatmış hesab olunacaq.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, məhsul şəhadətnaməsinin müddəti məhsulun təhvil verilməsi və ya məbləğin geri ödənilməsi ilə başa çatır.

İlhamə Qədimova bildirib ki, məhsul şəhadətnaməsində qiymət tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilə bilər. O qeyd edib ki, bu mexanizm tarixən pambıq sahəsində tətbiq olunan tədarük müqavilələrinin qiymətli kağız formasında ifadəsinə bənzəyir.

“Sadəcə, niyə müqavilələr problemli olurdu? Müqaviləni icra etmədikdə problem olurdu. Müqavilənin icra edilməməsi mülki münasibətdir, məhkəməyə gedilir, uzun proseslərə səbəb olurdu. Qiymətli kağız bu imkanı sizə daha qısa sürətdə verir”, - deyə nazir müavini bildirib.

O, məhsul şəhadətnaməsinin məcburi olmayacağını da vurğulayıb:

“Məcburi deyil. İstənilən şəxs qiymətli kağızı buraxa bilər, istənilən şəxs buraxmaya bilər. Bundan istifadə etmək qərarını verəcək olan həmin fermerin özüdür”.

İlhamə Qədimova məhsul istehsalının təbii fəlakət risklərinə açıq olduğunu və bu baxımdan sığortanın mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, sığortanın könüllü olması fermerlərə öz risklərini qiymətləndirərək qərar vermək imkanı yaradır.

Nazir müavini mexanizatorların hazırlanması məsələsinə də toxunub. O bildirib ki, hazırda müvafiq kurslar özəl sektor tərəfindən təşkil olunur, sənədləşmə isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır. Qeyd edib ki, mexanizatorların yetişdirilməsi və bu sahədə çatışmazlığın aradan qaldırılması nazirliyin gündəliyindədir.

İlhamə Qədimova qanunvericilikdə sui-istifadəyə yol aça biləcək ümumi ifadələrin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə məsələlərin alt normativ aktlarda konkretləşdirilməsi nəzərdə tutulur.

Nazir müavini fermerlərin sənədləşmə yükünün azaldılması istiqamətində görülən işlər barədə də məlumat verib. O bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi əsasında fermerlərin sənədlərə çıxışının elektronlaşdırılması həyata keçirilir.

“Biz Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi əsasında faktiki olaraq çıxarışlaşma prosesinə getdik ki, fermer bizə gələrkən heç nə verməsin. Gəlsin, FİN nömrəsini desin, sistemə girsin, nə həqiqidirsə, onu müəyyən eləsin”, - deyə Qədimova qeyd edib.

Onun sözlərinə görə, əvvəl çıxarışlaşma səviyyəsi 25 faizdən aşağı olduğu halda, hazırda bu göstərici 75 faizi keçib. Hədəf göstəricinin 100 faizə çatdırılmasıdır.

Qədimova bildirib ki, laboratoriya analizləri və torpaq sənədləri də elektron sistemə inteqrasiya olunur və məqsəd fermerlərin mümkün qədər az sənəd təqdim etməklə xidmətlərdən elektron şəkildə yararlanmasını təmin etməkdir.

Nazir müavini həmçinin məhsul şəhadətnaməsinin üzərində öhdəliklər, məhsulun miqdarı və keyfiyyəti barədə məlumatların dəqiq göstərilməli olduğunu vurğulayıb.

“Qiymətli kağızdır və üzərində birmənalı şəkildə həm miqdarı, əgər məhsul təhvil verəcəksə, hansı miqdarda və hansı keyfiyyətdə olduğu göstərilməlidir”, - deyə İlhamə Qədimova əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər