Vüqar İskəndərov: Məhsul şəhadətnaməsi fermerlərin maliyyəyə çıxışını asanlaşdıracaq
Məhsul şəhadətnaməsi fermerlərin əkinə başlamazdan əvvəl gələcək məhsul hesabına maliyyə və zəruri resurs əldə etməsinə imkan verəcək.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, məhsul şəhadətnaməsinin tətbiqi ilə bağlı kiçik və orta fermerlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetirilməlidir.
“Fermer öncədən bilməlidir ki, nə qədər vəsait alır, nə qədər öhdəlik götürür və sonda bunun maliyyə yükü nə qədər olacaq. Çalışmalıyıq ki, qanunda kiçik və orta kənd təsərrüfatı sahəsində insanların da bu mənada hüquqlarını qoruyaq”, - deyə Vüqar İskəndərov qeyd edib.
O, ilkin mərhələdə kiçik fermerlər üçün məhsul şəhadətnaməsi üzrə maliyyələşmədə faiz və ya xidmət xərclərinin müəyyən hissəsinin subsidiya olunmasının stimullaşdırma proqramı çərçivəsində nəzərdən keçirilməsini təklif edib.
Deputat həmçinin məhsul şəhadətnaməsinin alınması zamanı sənədləşmə prosedurlarının sadə və şəffaf olmasının vacibliyini vurğulayıb.
“Çox sənədləşmə, bürokratiya olmamalıdır. Fermer insanlar daha çox kabinetlərdə, daha çox insanların qəbullarından çox öz yerində, kənd təsərrüfatı sahəsində olmalıdırlar”, - deyə o bildirib.
Vüqar İskəndərovun sözlərinə görə, məhsul şəhadətnaməsi fermerlərin toxum və digər zəruri resursların alınması üçün maliyyəyə çıxışını asanlaşdıra bilər.
“Ən əsas bu insanlara maliyyə məhsul satandan çox məhsul yetişdirəndən qabaq lazımdır. Toxumların alınması, digər məsələlər bu insanlara bu maliyyə çıxışını asanlaşdıran bir qanundur”, - deyə deputat əlavə edib.
dəqiqələr içində saytın olsun.