Cavanşir Paşazadə: Fermerin yanında olmalıyıq, bankın və gübrə satanın yox
Məhsul şəhadətnaməsi Azərbaycandan xarici ölkələrə kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm əhəmiyyət daşıyır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Cavanşir Paşazadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, məhsulların pasportlaşdırılması və keyfiyyətinin müəyyənləşdirilməsi xarici bazarlara çıxış üçün vacibdir:
“Bu məhsul şəhadətnaməsi də böyük və vacib məsələdir. Çünki biz artıq xarici ölkələrə məhsullar göndəririk. Bizim pasportlaşmamız olmalıdır və məhsulun keyfiyyəti bilinməlidir. Xarici ölkələrdə də bilinməlidir ki, Azərbaycanda belə bir sistem var.
Xarici ölkələrdən gəlib bizim məhsulları almaq istəyənlər təsərrüfatlara baxacaq, məhsullar yoxlanılacaq, sanitariya baxımından nəzarətdən keçiriləcək. Biz bunların hamısına hazır olmalı və bu məsələləri həyata keçirməliyik.
Çünki insanlar uzun müddətdir bunu gözləyirlər. Məhsulunu xaricə göndərə bilməyən və ya bazar tapa bilməyən insanlar da zərər çəkirlər və bu, öz təsirini göstərir”.
Deputat qeyd edib ki, qanunların tətbiqi zamanı fermerlərin sənədləşmə baxımından əlavə çətinliklərlə üzləşməməsi də nəzərə alınmalıdır:
“Xırda fermerlərin və ümumilikdə fermerlərin hər biri kifayət qədər məlumatlı olmaya bilər. Onlar həm bank siyasətini, həm də dövlətin yaratdığı imkanları, subsidiyaların verilməsi, sənədlərin vaxtında təqdim olunması və gübrələrin alınması ilə bağlı məsələləri bilməyə bilərlər.
Gübrə kənd təsərrüfatı sahəsində keyfiyyətsiz gəlibsə, bunu ilk baxışdan müəyyən etmək mümkün deyil. Onun keyfiyyətini laboratoriya müəyyən edə bilər. Keyfiyyətsiz gübrənin istifadəsi sonda kənd təsərrüfatı məhsulunun məhsuldarlığına təsir göstərə bilər. Dərmanların vaxtında verilməməsi və ya keyfiyyətsiz dərmanlardan istifadə də kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə təsir edir”.
Cavanşir Paşazadə dövlət qurumlarının fermerlərlə daha yaxından işləməsinin vacibliyini vurğulayıb:
“Bu qurumlar fermerin yanında olmalıdır. Bankın yanında olmamalıdır. Gübrə satanın yanında olmamalıdır. Fermerin yanında olmalıdır. Dərman satanın yanında olmamalıdır. Dərman alanın yanında olmalıdır ki, biz də bu kimi məsələləri həyata keçirə bilək, cənab Prezidentin tapşırıqlarını yerinə yetirək və insanların daha güclü olmasına şərait yaradaq”.
dəqiqələr içində saytın olsun.