Valdas Dambrauskas: “Yay dövründəki çıxışımıza 10 bal verərdim”
Misli Premyer Liqasının VI turunda "Sabah" evdə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.
Operativ Media xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Litvalı mütəxəssis əvvəlcə qarşıdakı milli fasilə dövrü və komandanın planları haqqında danışıb: “Milli komandalara yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir və ümid edirəm ki, zədəsiz dönəcəklər. Heyətdə qalan oyunçularla işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra addım-addım, oyundan-oyuna prinsipi ilə çempionatın ikinci hissəsinə hazırlaşacağıq”.
Şəxsi istirahət planlarına toxunan baş məşqçi Azərbaycanda qalacağını bildirib: “Ölkənin bəzi bölgələrini gəzmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Çünki 3 ay əvvəl işə başladığımızdan bəri xüsusilə Çempionlar Liqasının təsnifat mərhələləri və mövsümün startı çox gərgin keçdi. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, tam bal verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir az da yaxşı çıxış edə bilərdik”. Səfər edəcəyi konkret bölgəni isə açıqlamayan mütəxəssis artıq mehmanxanada yer rezervasiya etdiyini, lakin hara gedəcəyini deməyəcəyini qeyd edib.
Oktyabrın 9-da milli fasilədən sonra “Neftçi” ilə vacib matçın, ardınca isə Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə qarşılaşmanın gözlədiyini xatırladan baş məşqçi bu gərgin təqvim barədə fikirlərini bölüşüb: “Bəli, təkcə onlar deyil. Sıralamaya baxsaq, əvvəlcə “Neftçi”, sonra “Slaviya”, “Qəbələ”, ardından Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Əgər orada mübarizə aparırsınızsa, bu gərginliyə tab gətirməlisiniz. Böyük komandaya çevrilmək və bu sınaqları qəbul etmək istəyiriksə, belə maneələri aşaraq inkişaf etməliyik”.
dəqiqələr içində saytın olsun.