Ombudsman erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib
Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrum edilən bəzi erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bu barədə Operativ Media-ya Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq, məhkəmə prosesləri zamanı, həm də məhkum olunduqdan sonra cəzaçəkmə müəssisəsində görüşlər keçirilib, onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri davamlı monitorinq edilib.
Qeyd olunub ki, monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib. Başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən Ruben Vardanyana hüquqları ana dillərində izah olunub, səhhətləri Milli Preventiv Qrupun həkim üzvü tərəfindən yoxlanılıb, onların istəklərinə uyğun olaraq müxtəlif nəşrlər, qanunvericilik aktları və bədii ədəbiyyat kitabları təqdim edilib.
Məlumata görə, məhkumların Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət etmək imkanları var və daxil olan müraciətlərə qanunvericiliyə uyğun şəkildə baxılıb.
Ombudsman Aparatı qeyd edib ki, həmin şəxslərin saxlanıldığı müəssisələrdə şərait müasir standartlara cavab verir, onlara münasibətdə ayrı-seçkiliyə yol verilmir. Onların idmanla məşğul olmaq, gəzinti və asudə vaxtlarının təşkili, informasiya əldə etmək, ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq hüquqları təmin olunur.
Bildirilib ki, cəzaçəkmə müəssisələrinə köçürüldükləri zaman hesablarında vəsait olmasa da, ailə üzvləri ilə telefon danışıqları və digər imkanlar məhdudlaşdırılmayıb.
Həmçinin qeyd olunub ki, məhkumların notariat və tibbi xidmətlərlə bağlı müraciətləri də qanunvericiliyə uyğun təmin edilib. Son olaraq Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciətinin icra olunduğu və bu prosesin Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən yerində müşahidə edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, həmin şəxslərin əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqları, eləcə də özləri və vəkilləri tərəfindən dövlət qurumlarına edilən müraciətləri təmin olunub.
Ombudsman Aparatı monitorinq və başçəkmələrin nəticəsinə əsasən bildirib ki, məhkəmə tərəfindən ağır cinayətlər törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən şəxslərin hüquqları hər hansı ayrı-seçkiliyə yol verilmədən təmin edilir.
Qeyd edilib ki, internet saytlarında həmin şəxslərin adından yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir və qərəzli siyasi məqsədlərə xidmət edir.
dəqiqələr içində saytın olsun.