Pakistanlı nazir: Ölkəmiz ciddi maliyyə məhdudiyyətləri ilə üzləşir
Pakistan hazırda misli görünməmiş makroiqtisadi dəyişkənlik, ciddi maliyyə məhdudiyyətləri, enerji və nəqliyyat xərclərinin kəskin artımı ilə üzləşir.
Operativ Media xəbər verir ki, bunu Pakistanın Federal Rabitə naziri Aleem Khan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, artan qiymətlər fonunda Pakistan sərt makroiqtisadi qənaət tədbirləri həyata keçirib, inzibati xərcləri optimallaşdırıb və dövlət xərclərini məhdudlaşdıraraq fiskal intizam tətbiq edib.
O qeyd edib ki, ölkə əsas sosial proqramları qorumaqla dövlət maliyyəsinin dayanıqlığını təmin etməyə çalışır.
Aleem Khanın sözlərinə görə, qlobal və regional münaqişələr Pakistanın dəniz daşımalarına mənfi təsir göstərir, ticarət və sığorta xərclərini artırır.
Nazir bildirib ki, Pakistan insan kapitalından və əlverişli coğrafi mövqeyindən istifadə edərək özünü tranzit qovşağı və beynəlxalq ticarət üçün təhlükəsiz məkan kimi mövqeləndirir. O, Qvadar limanının qlobal təchizat zəncirlərinin fasiləsiz fəaliyyətində mühüm rol oynadığını vurğulayıb.
“Ötən maliyyə ili ərzində Pakistan 52,685 milyon metrik tondan çox yük emal edib və bu qeyri-müəyyənlik şəraitində qlobal ticarətə fəal töhfə verib”, – deyə Aleem Khan bildirib.
O əlavə edib ki, Pakistan gərginliyin azaldılması və regional sabitliyin bərpası məqsədilə münaqişə tərəfləri arasında vasitəçilik üçün konstruktiv və neytral diplomatik platforma kimi çıxış etməyə çalışır.
Aleem Khan vurğulayıb ki, dayanıqlı iqtisadi inkişaf və ticarət imkanlarının genişləndirilməsi regional sülh və sabitlik olmadan mümkün deyil.
Nazirin sözlərinə görə, Pakistan dəniz infrastrukturunu regional və qlobal quru dəhlizləri ilə əlaqələndirməklə əməkdaşlığı genişləndirir.
“Azərbaycan Şərq-Qərb Orta Dəhlizinə ev sahibliyi etdiyi halda, Pakistanın Qvadar dəniz limanı qlobal bazarlara mühüm Şimal-Cənub dəniz bağlantısı yaradır”, – deyə o qeyd edib.
Aleem Khan bildirib ki, Cənubi və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq ticarət və bağlantı imkanlarının genişləndirilməsi, iqtisadi imkanların və ticarət axınlarının inkişafı üçün yeni perspektivlər yaradır.
dəqiqələr içində saytın olsun.