Menyu

“ADEX 2026”nın rəsmi açılış mərasimi keçirilib

Operativ Media
“ADEX 2026”nın rəsmi açılış mərasimi keçirilib
8 dəq oxu

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edib.

Daha sonra sərginin iştirakçıları və qonaqları VIP turda iştirak ediblər.

Qeyd olunub ki, ADEX regionda ən böyük hərbi texnika və silah ekspozisiyalarından biri olmaqla yanaşı, müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADEX-i ziyarət edərək sərgi ilə yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

ADEX Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Bu il ADEX iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz ADEX 2026 sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. Bu mühüm yenilik ADEX-in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də ADEX-in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.

ADEX və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.

Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.

Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.

ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunur.

Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan ADEX ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. ADEX 2026 sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir. Bu ölkələr sırasına Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya Federativ Respublikası, Cənubi Koreya Respublikası, Çad Respublikası, Çex Respublikası, Əfqanıstan İslam Respublikası, Gürcüstan, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İraq Respublikası, İsrail Dövləti, İtaliya Respublikası, Konqo Demokratik Respublikası, Kot-d’İvuar Respublikası, Latviya Respublikası, Liberiya Respublikası, Malayziya, Mərakeş Krallığı, Mərkəzi Afrika Respublikası, Monteneqro, Nigeriya Federativ Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Serbiya Respublikası, Slovakiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sudan Respublikası, Türkmənistan, Türkiyə Respublikası, Uqanda Respublikası, Ukrayna və Vyetnam Sosialist Respublikası daxildir. Yüksək səviyyəli nümayəndə heyətlərinin ADEX sərgisində iştirakında əsas məqsəd müdafiə sənayesindəki yeniliklərlə tanış olmaqla yanaşı, əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar qurmaqdır. Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.

ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edir. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edir.

Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. ADEX Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edir. Açıq sərgi sahəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri böyük stendlərlə iştirak edərək ən son texnologiya və həllərini nümayiş etdirirlər.

ADEX 2026 sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunur.

Sərgidə nümayiş olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutur. Türkiyənin “BMC” şirkəti ADEX 2026 sərgisində şəxsi heyətin və logistika yüklərinin daşınması üçün nəzərdə tutulmuş yeni PAMİR 4×4 hərbi nəqliyyat vasitəsini, yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və çevikliyi ilə seçilən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edir.

Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycanın yerli şirkətləri də sərgidə dünyanın tanınmış müdafiə brendlərini təmsil edir. “USH Group” 500 illik tarixə malik İtaliyanın “Beretta” şirkətini təmsil edir. Dünyanın ən qədim silah istehsalçılarından biri olan “Beretta” hərbi, hüquq-mühafizə, ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulmuş məhsulları ilə tanınır. Sərgi çərçivəsində şirkətin müasir atıcı silah və müdafiə həlləri təqdim olunur.

“Az-Tex-Import” isə İtaliyanın hərbi nəqliyyat vasitələri istehsalçısı “Iveco Defence Vehicles” (IDV) şirkətini təmsil edir. Ziyarətçilər şirkətin müxtəlif əməliyyat şəraitləri üçün nəzərdə tutulmuş taktiki və logistika nəqliyyat həlləri ilə tanış ola bilərlər.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzindədir. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdirilir.

“Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirir. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim olunur.

ADEX və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirir. Müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunur.

Sərgilərin proqramı yalnız ekspozisiyadan ibarət deyil. ADEX və “Securex Caspian” sərgilərində iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim edir.

İşgüzar proqramın əsas elementlərindən biri “Milli Tədqiqatların Dəstəklənməsi proqramı”nın təqdimatıdır. Layihənin proqrama daxil edilməsi ADEX-in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

Bununla yanaşı, sərgi günləri ərzində “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda texnologiya sessiyası, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə olunması və kiber dayanıqlılıq” mövzusunda innovasiya sessiyası, “Kiber və informasiya təhdidləri: tanı, təhlil et və düzgün reaksiya ver” adlı interaktiv təlim, “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya, “Müasir çağırışlar: radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi, “Müdafiə və kibertəhlükəsizlik startapları – ideyadan uğura” adlı innovasiya dialoqu, “Böhranların idarə edilməsi: fövqəladə hallarda əməli bacarıqlar” mövzusunda təlim sessiyası təşkil olunur. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradır. Eyni zamanda, sərgi çərçivəsində Qoşun növləri üzrə hərbi qulluqçuların keçidi nəzərdə tutulub.

Bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Xüsusi olaraq ADEX 2026 üçün hazırlanmış eksklüziv brendləşdirilmiş kolleksiya sərginin brend üslubunun bir hissəsinə çevriləcək, iştirakçılara və qonaqlara ADEX-lə bağlı xoş xatirə saxlamaq imkanı yaradır. Kolleksiyaya ADEX 2026-nın rəmzlərinin əks olunduğu dəbli və praktik məhsullar daxildir. İştirakçılar və qonaqlar rəsmi merç məhsullarını sərgi günlərində xüsusi ayrılmış məkanda əldə edə bilərlər.

Bundan başqa, ADEX 2026 sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzet çapdan çıxacaq. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksək səviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunur.

ADEX 2026 çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradır.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX 2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin kursantları üçün açıqdır. Kommersiya strukturlarında çalışan şəxslər yalnız 2 oktyabr tarixində şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə bilərlər.

ADEX sərgisinin sponsorları qismində həmçinin “Absheron Hotel Group”, “Accurate Az MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.az və www.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər