Nəzər Əliyev: Lahıcın tarixi abidələri və misgərlik ənənələri yaşadılır
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev qoruğun tarixi və ərazidə qorunan abidələr barədə məlumat verib.
Operativ Media xəbər verir ki, o bildirib ki, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildən fəaliyyət göstərir və Lahıc qəsəbəsinin tarixən formalaşmış hissəsinin mühafizəsini həyata keçirir. Qəsəbənin 80 hektarlıq ərazisi qoruğun tərkibinə daxildir.
Qoruq ərazisində 100-ə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onların arasında beş məscid, su dəyirmanı, bir neçə ictimai hamam və 60-dan çox yaşayış evi var. Bəzi evlərin 300–400 il əvvəl inşa edildiyi ehtimal olunur.
N.Əliyevin sözlərinə görə, qoruq ərazisindəki küçə və dalanlar çay daşı ilə döşənib. Bu döşəmələrin altında təxminən 700–800 il əvvəl yaradıldığı bildirilən kürəbənd sistemi mövcuddur. Ayrı-ayrı hissələrdə təmir işləri aparılsa da, sistemin əsas hissəsi bu günədək işlək vəziyyətdədir.
Qoruq direktoru qeyd edib ki, Lahıc Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, xalq sənətkarlığı ənənələri ilə də seçilir. Vaxtilə burada 40-a yaxın sənət növü mövcud olub. Hazırda isə onların 9–10 növü yaşadılır.
Lahıcın ən məşhur sənət sahəsi misgərlikdir. Bildirilib ki, vaxtilə Lahıc misgərlərinin ticarət şəbəkəsi Azərbaycanla yanaşı, Dağıstan, Gürcüstan, Türkiyə, İran, Türkmənistan, Özbəkistan və İraqın Bağdad şəhərinə qədər uzanıb.
N.Əliyev bildirib ki, Lahıc ətrafında mis filizi xammal kimi mövcud olmayıb. Filizlər uzaq ərazilərdən, o cümlədən Zod və Alaverdi mədənlərindən, eləcə də indiki Kəlbəcər ərazisindən karvanlarla Lahıca gətirilib. Burada filiz təmizlənərək emal olunub və mis məmulatlarının hazırlanmasında istifadə edilib.
dəqiqələr içində saytın olsun.