Menyu

Yusif Məmmədov: 7 əsrlik abidəni bu il 28 mindən çox turist ziyarət edib

Əsəd Abbaslı
Yusif Məmmədov: 7 əsrlik abidəni bu il 28 mindən çox turist ziyarət edib
2 dəq oxu

“Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədov türbə ilə bağlı maraqlı faktları açıqlayıb.

Operativ Media xəbər verir ki, Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Diri Baba türbəsi 7 əsrlik tarixi abidədir və 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib.

Onun sözlərinə görə, iki mərtəbədən ibarət olan türbənin birinci mərtəbəsində namazgah, ikinci mərtəbəsində isə vaxtilə şeyxin inzivaya çəkildiyi hücrəyə giriş yerləşir.

Direktor türbənin niyə “Diri Baba” adlandırılması ilə bağlı da danışıb. Bildirib ki, burada xəlvətə çəkilən şeyx vəfat etdikdən sonra uzun müddət onun bədəni çürüməyib. Buna görə də yerli sakinlər həmin şəxsi “Diri Baba” adlandırıb və türbənin adı da belə qalıb.

Y.Məmmədov qeyd edib ki, müxtəlif dövrlərdə bir sıra məşhur səyyahlar Diri Baba türbəsini ziyarət edib. Onların arasında alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Evliya Çələbi və holland səyyahı Kornelius de Bruin də olub.

Direktorun sözlərinə görə, Evliya Çələbi “Səyahətnamə” əsərində Diri Baba haqqında yazıb və şeyxin çürüməyən bədənini gördüyünü qeyd edib.

O bildirib ki, 1861-ci ildə rusların elmi ekspedisiyası çərçivəsində akademik Dorn və akademik Bartalomey də türbədə olublar. Akademik Dorn abidənin iki fotosunu çəkib. Türbədəki daş kitabə isə həmin ekspedisiya zamanı aparılıb. 1875-ci ildə Dornun fondu yandıqdan sonra kitabənin it-bat olduğu bildirilib.

Y.Məmmədov əlavə edib ki, 1965-ci ildə tarixçi-araşdırmaçı Məşədixanım Nemət Sankt-Peterburqdakı Ermitaj muzeyində həmin daş kitabənin surətinə rast gəlib. Onun sözlərinə görə, kitabədə türbənin hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edildiyi qeyd olunur.

Direktor 1963-cü ildə Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasirin də Diri Baba türbəsini ziyarət etmək məqsədilə SSRİ-yə səfər etdiyini bildirib.

Y.Məmmədov türbənin ətrafındakı mağaralarda vaxtilə sufilərin və dərvişlərin inzivaya çəkildiyini deyib. O, ərazinin sufizmin Xəlvətilik təriqəti ilə əlaqələndirildiyini qeyd edib.

Direktorun sözlərinə görə, Xəlvətilik təriqəti Seyid Yəhya Bakuvi tərəfindən sistemləşdirilib və onun müridləri vasitəsilə Şimali Afrika, Balkanlar və Anadoluya yayılıb.

Y.Məmmədov hazırda Diri Baba türbəsinə dünyanın müxtəlif ölkələrindən turistlərin gəldiyini də bildirib. Onun sözlərinə görə, bu il ərzində 12 mindən çox xarici turist abidəni ziyarət edib. Yerli ziyarətçilərin sayı isə 16 mindən çox olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər