Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib
“Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfrans çərçivəsində "Azərbaycanda ən yaxşı təcrübələr" adlı panel sessiya keçirilib.
Operativ Media xəbər verir ki, panel sessiyaya Maltəpə Universitetinin professoru Atilla Cavkaytar moderatorluq edib.
AZAL-ın İnsan resursları idarəsinin rəhbəri Ellada Alışova çıxışında təmsil etdiyi şirkətdə 8 min əməkdaşın işlədiyini qeyd edib. "Biz dəqiq bilmək istəyirdik ki, inklüziv gənclərlə bağlı hansı proseslərdən keçməliyik. Hazırda Azərbaycan Hava Yollarında 3 nəfər inklüziv əməkdaş çalışır və 1 nəfərin də hazırda işə qəbul prosesi gedir", - deyə o vurğulayıb.
SOCAR TECH- in baş icraçı direktorunun müavini Elmir Məmmədov deyib ki, təmsil etdiyi şirkətin son dövrlərdə xüsusi strategiya olaraq əhəmiyyət verdiyi tərəf inklüzivliklə bağlıdır: "Hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənlərindəndir. Şirkətin hazırda 45 minə yaxın əməkdaşı var. SOCAR inklüzivlik baxımından ciddi addımlar atır".
Sahibkar İlkin Qəhrəmanlı çıxışında autizmli uşaqlarla bağlı araşdırmalar etdiyini vurğulayıb. Təmsil etdiyi şirkətdə də autizmli 1 nəfərin çalışdığını qeyd edib. O, autizmli gənclərin bitkilərə marağının yüksək olduğunu və onlara düzgün qulluq etdiklərini bildirib.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında öz ailəsinin hekayəsindən söz açıb. O bildirib ki, oğlu Həmzə autizmli gəncdir: "Onun diaqnozunuzu aldığımız andan etibarən məni ən çox narahat edən sual gələcəkdə onun hansısa bir iş sahibi olma ehtimalı idi. Araşdırmalar etməyə başlamışdım. O, 2-3 yaşında olanda kitablar oxuyurdum. O zaman internet çox inkişaf etməmişdi. Buna baxmayaraq, müxtəlif yerlərə müraciət edirdim. "Kaşalata kafe"ni çoxumuz tanıyırıq. "Kaşalata" ölkəyə çox böyük bir mesaj çatdırmağa çalışan bir məkandır. Əslində neyromüxtəlifliyi olan insanlara doğru yolu göstərdiyimizdə onların bacarmayacağı heç bir şey yoxdur. "Kaşalata" kafesinin hazırda 10 neyromüxtəlifliyi olan əməkdaşı var. Onlar işlərini, həqiqətən, çox sevərək icra edirlər".
Panel sessiya sual- cavab sessiyası ilə başa çatıb.