Menyu

Dövlət Agentliyinin rəsmisi: “Dinamik dəyişən əmək bazarında neyromüxtəlifliyi olan şəxslər ən çox risk qrupundadır”

Operativ Media
Dövlət Agentliyinin rəsmisi: “Dinamik dəyişən əmək bazarında neyromüxtəlifliyi olan şəxslər ən çox risk qrupundadır”
2 dəq oxu

“Peşə təhsilinin üstün cəhətlərindən biri odur ki, daha çox praktiki bacarıqlara fokuslanan bir təhsil şəraiti yaradır”.

Operativ Media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə-Əsgərova Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində panel müzakirə zamanı deyib.

Onun sözlərinə görə, peşə təhsilinin təşkilinə kompleks şəkildə yanaşılmalıdır: “İnfrastrukturda, maddi-texniki bazada və avadanlıqlarda inklüzivliyin təmin olunması hazırda qarşımızda duran çağırışdır. Amma bizim üçün prinsipial olaraq əsas prioritet məsələ odur ki, yeni tikiləcək və yaradılacaq müəssisələrimizin, mərkəzlərimizin bazasında bunu nəzərə alaq. Peşə təhsilində üstün cəhətlərdən biri də qəbul prosesinin tamamilə onlayn keçirilməsidir və bu, böyük əlçatanlıq təmin edir. Bundan əlavə, müxtəlif peşəyönümlü tədbirlərimiz təşkil olunur – həm sərgi şəklində, həm də virtual olaraq. Bu, şagirdlərimizə peşələr və əmək bazarı haqqında müxtəlif məlumatlar əldə etməyə imkan yarada bilər”.

“Peşə təhsilində iş yerində öyrənmə, emalatxanalarda öyrənmə və praktiki əsaslı təhsil məhz yaradıcı sənaye və İKT sahələrində neyromüxtəlifliyi olan şəxslər üçün ixtisasların mənimsənilməsi baxımından böyük şərait yaradır. Məsələn, bu sahə böyük diqqət və detala əsaslanan fokus tələb edir ki, bu da autizm spektrində olan şəxslər üçün böyük imkandır. Lakin digər bir məsələyə də baxaq: bu şəxslərin yalnız peşə təhsili alması, peşə təhsilinə cəlb olunması bizim üçün son dayanacaq olmamalıdır. Burada işəgötürənlərlə birbaşa iş görülməlidir. İşəgötürənlər üçün həm sosial-korporativ məsuliyyət, eləcə də dövlət tərəfindən stimullaşdırma mexanizmləri mütləq şəkildə həyata keçirilməlidir”, - Agentliyin təmsilçisi əlavə edib.

N.İsmayılzadə-Əsgərova vurğulayıb ki, bu imkanlarla yanaşı, valideynlərin də maarifləndirilməsinə böyük ehtiyac var: “Peşə təhsili verilir, dövlət bunun üçün hər cür şərait yaradıb, amma valideynlərin bundan xəbəri varmı? Valideynlər ümumiyyətlə maariflidirlərmi? Bəzən elə valideynlər olur ki, övladının autizmli olduğunu bilir, amma bu imkanlardan xəbəri yoxdur. Uşağın zəif tərəflərinə yox, güclü tərəflərinə fokuslanaraq potensialının üzə çıxarılmasında valideynlərin də rolu böyükdür. Bütün valideynlərə çağırış olunmalıdır ki, süni intellekt bəzi yeni ixtisaslar yaratsa da, bəzi sahələr yoxa çıxa bilər. Biz imkanlarla yanaşı riskləri də araşdırmalıyıq. Araşdırmalar göstərir ki, dinamik dəyişən əmək bazarında neyromüxtəlifliyi olan şəxslər ən çox risk qrupundadır. Buna görə də onlara daim karyera yönümlü dəstək verilməli və iqtisadi müstəqillikləri üçün bütün addımlar atılmalıdır”.

Əlaqəli Xəbərlər