Menyu

Süd məhsullarının saxlanma şəraiti niyə vacibdir?

Ayşən Sadıxzadə
Süd məhsullarının saxlanma şəraiti niyə vacibdir?
1 dəq oxu

Süd və süd məhsulları zülal, yağ, vitamin və minerallarla zəngin olduğu üçün gündəlik qidalanmada mühüm yer tutur. Lakin bu məhsullar mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaratdığından onların düzgün saxlanılması qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərov deyib. 

O bildirib ki, süd məhsulları tövsiyə olunan temperaturda saxlanılmadıqda bakteriyalar sürətlə çoxala, məhsulun tərkibində və keyfiyyətində dəyişikliklər baş verə bilər. Nəticədə süd turşuya, pendir və digər süd məhsulları isə xarab olmağa başlaya bilər. Bəzi təhlükəli mikroorqanizmlər məhsulun dadını, qoxusunu və görünüşünü dəyişdirmədən də mövcud ola bilər. Buna görə yalnız məhsulun xarici görünüşünə əsaslanaraq onun təhlükəsizliyini müəyyənləşdirmək düzgün deyil:

“Süd və pasterizə olunmuş süd məhsulları, eləcə də qatıq, qaymaq və kəsmik kimi tez xarab olan məhsullar etiketdə göstərilən temperaturda saxlanılmalıdır. Əksər soyuducularda temperaturun 0–4°C aralığında olması tövsiyə edilir. Məhsulların soyuducunun qapısında deyil, temperaturun daha sabit olduğu daxili rəflərdə saxlanılması məqsədəuyğundur. Həmçinin qablaşdırmanın bütövlüyünə, son istifadə tarixinə və məhsulun açıldıqdan sonra saxlanma müddətinə diqqət yetirilməlidir.

Xüsusilə isti havalarda süd məhsullarının uzun müddət otaq temperaturunda qalması ciddi risk yaradır. Soyuq zəncirin pozulması məhsulun yararlılıq müddətini qısalda və qida zəhərlənmələrinə səbəb ola bilər.

Unutmaq olmaz ki, süd məhsullarının düzgün saxlanılması yalnız onların dadını və keyfiyyətini qorumaq üçün deyil, həm də istehlakçıların sağlamlığını təmin etmək üçün vacibdir”.

Əlaqəli Xəbərlər