AFC prezidenti FİFA rəhbərinə dəstəyini açıqlayıb
Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Salman bin İbrahim Əl-Xəlifə Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəklədiklərini açıqlayıb.
Operativ Media xəbər verir ki, Əl-Xəlifə Asiya futbolunun inkişafında birliyin, qarşılıqlı etimadın və ortaq məqsədlərin mühüm rol oynadığını bildirib. O, təşkilatın FİFA prezidenti Canni İnfantinonun namizədliyini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
AFC rəhbərinin sözlərinə görə, Asiya futbolunun indiyədək əldə etdiyi tarixi uğurlar konfederasiyaya üzv olan qurumların həmrəyliyi və əməkdaşlığı sayəsində mümkün olub. O, daha rəqabətqabiliyyətli gələcək naminə birliyin qorunmasının vacibliyini qeyd edib.
Canni İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. Təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin martında Rabat şəhərində keçiriləcək.
Qeyd edək ki, AFC daha əvvəl FİFA-nın FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı təşəbbüsünü tənqid edən futbol qurumları arasında yer alıb. Layihə FİFA-nın əsas turnirlərinin kommersiya hüquqlarının və əməliyyat fəaliyyətinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını nəzərdə tuturdu. Tənqidlərdən sonra İnfantino layihənin həyata keçirilməsindən imtina edib.