Azərbaycanda 6 məqsədli büdcə fondunun ləğv edilməsi təklif olunur - SİYAHI
Azərbaycanda 6 məqsədli büdcə fondunun ləğv edilməsi təklif olunur.
Operativ Media xəbər verir ki, bununla bağlı Meşə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişikliklər hazırlanıb.
Layihəyə əsasən, məqsədli büdcə fondlarının ləğv edilməsi, fondların mədaxil mənbələri olan cərimə xarakterli və dəymiş ziyanın ödənilməsi ilə bağlı daxilolmaların qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.
Digər maliyyə mənbələrinə münasibətdə isə fondların tabe olduğu orqanların işçilərinin sosial müdafiəsinin maliyyələşdirilməsi məqsədilə bölgü müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, layihə Prezidentin 2026-cı il 10 sentyabr tarixli “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində hazırlanıb.
Layihənin əsas məqsədi dövlət maliyyəsinin vahid prinsiplər əsasında idarə olunması, büdcə vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi və maliyyə axınlarının daha səmərəli idarə edilməsidir.
2026-cı il üzrə hesablamalara əsasən, məqsədli büdcə fondları üzrə daxilolmaların ümumi həcmi 472,3 milyon manat proqnozlaşdırılır.
Ləğv edilməsi təklif olunan fondlar aşağıdakılardır:
- Meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondu;
- Mineral xammal bazasının bərpası üzrə Dövlət Fondu;
- Nəqliyyat vasitələrinin utilizasiyası Fondu;
- Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu;
- Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu;
- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılmış fondlar.