Menyu

Sinə ağrısı və təngnəfəslik: Hansı hallarda stentə ehtiyac yaranır?

Ayşən Sadıxzadə
Sinə ağrısı və təngnəfəslik: Hansı hallarda stentə ehtiyac yaranır?
2 dəq oxu

Son illərdə ürəyinə stent qoyduran insanların sayının artması bu müdaxilənin nə dərəcədə zəruri olduğu və hansı hallarda tətbiq edilməli olduğu məsələsini aktuallaşdırır. Sinə ağrısı, təngnəfəslik və ürək damarlarında daralma kimi problemlərlə üzləşən bir çox insan stent müalicəsinə müraciət edir. Bəs hər damar daralması stent qoyulmasını tələb edirmi? Hansı hallarda dərman müalicəsi kifayət edir, hansı hallarda isə cərrahi müdaxiləyə ehtiyac yaranır? Stentin vaxtında qoyulmaması hansı ağır fəsadlara səbəb ola bilər?

Mövzu ilə bağlı Operativ Media-ya kardioloq Rəhilə İsmayılova danışıb.

O bildirib ki, stenokardiya ürək-damar xəstəlikləri arasında hazırda kifayət qədər geniş yayılmış diaqnozlardan biridir. Əvvəllər koronar angioqrafiya üsulu, yəni invaziv kardiologiyanın bu müayinə metodu hələ geniş tətbiq olunmadığı dövrdə stenokardiyanın infarktla nəticələnməsi halları daha çox müşahidə edilirdi. Belə xəstələrdə xəstəliyin ağırlaşaraq infarkta keçdiyini görürdük:

“Lakin elmin və tibbin inkişafı, xüsusilə koronar angioqrafiya üsulunun tətbiqindən sonra infarkt hallarının sayında azalma müşahidə olunmağa başladı. Bu baxımdan qeyd etmək lazımdır ki, hər stenokardiya diaqnozu qoyulan xəstəyə stent yerləşdirilmir. Koronar angioqrafiyadan sonra xəstəliyin gedişatını dərman müalicəsi ilə də nəzarətdə saxlamaq mümkündür.

Stent o zaman yerləşdirilir ki, koronar angioqrafiyanın nəticələrinə əsasən ürək damarlarında daralma faizi 60-70-dən yüksək olsun və tibbi göstərişlər bunu zəruri etsin. Bəzi hallarda damarların balon angioplastikası vasitəsilə açılması da həyata keçirilir. Bununla yanaşı, profilaktik tədbirlərə xüsusi əhəmiyyət verilir və xəstələrə müvafiq tövsiyələr verilir.

Bu mərhələdən sonra xəstələrlə ətraflı söhbətlər aparılır, uzunmüddətli müalicə təyin olunur. Buraya statinlər, antiagreqantlar, antikoaqulyantlar və digər müvafiq dərman preparatları daxildir. Nəticədə ürək xəstəliklərinin ağırlaşmasının, xüsusilə infarkt və ürək çatışmazlığının qarşısını almağa çalışırıq.

Bu mövzuda əsas məqam elmin və tibbin inkişafı nəticəsində ürək xəstəliklərinin yaratdığı fəsadların qarşısının alınmasıdır. Stent yerləşdirilməsinə ehtiyac olub-olmaması da koronar angioqrafiya müayinəsinin nəticələrinə əsasən müəyyənləşdirilir. Bu sahədə əldə olunan irəliləyişlər ürək xəstəliklərinin ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır.

Mövzunun əvvəlində onu da qeyd etmək istəyirəm ki, insanlarda sinə nahiyəsində ağrılar, fiziki hərəkət zamanı ağrıların artması, yanma hissi və təngnəfəslik kimi şikayətlər olduqda ilk növbədə kardioloqa müraciət edilməlidir.

Kardioloji müayinə zamanı qan analizləri, elektrokardioqram (EKQ), exokardioqrafiya və zərurət yarandıqda digər kardioloji testlər aparılır. Bu müayinələrin nəticələrinə əsasən, ehtiyac olduqda koronar angioqrafiya həyata keçirilir. Sadalanan müayinələr şikayətlərin səbəbinin müəyyənləşdirilməsi və diaqnozun təsdiqlənməsi baxımından əsas üsullardandır. Vaxtında müayinədən keçmək isə ürək xəstəliklərinin ağırlaşmasının qarşısını almaq üçün vacib mərhələlərdən biridir”.

Əlaqəli Xəbərlər