Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcək.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.
Bəyannamədə regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması, eləcə də təhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının artırılması nəzərdə tutulur.
Sənədə əsasən, tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi, birgə təlimlər və potensialın artırılması istiqamətində fəaliyyəti inkişaf etdirməyi planlaşdırırlar. Həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.
Bəyannamədə təhlükəsizliklə bağlı müxtəlif prioritetlər üzrə əməkdaşlığın genişləndirilməsi də əksini tapıb. Tərəflər hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın inkişaf etdirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcəklər.
Bundan başqa, Azərbaycan və Böyük Britaniya maraqların uzlaşdığı çoxtərəfli platformalarda əməkdaşlıq etməklə beynəlxalq sülh və təhlükəsizliyə birgə töhfə vermək niyyətlərini təsdiqləyiblər.