Vladimir Norov: Azərbaycan süni intellekt və rəqəmsal xidmətlər üzrə mühüm mərkəz ola bilər
Mərkəzi Asiya ölkələri və Azərbaycan sənaye süni intellekti, məlumat bazaları və rəqəmsal xidmətlər üzrə mühüm regional mərkəzə çevrilmək potensialına malikdir.
Operativ Media xəbər verir ki, bu sözləri Mərkəzi Asiya Süni İntellekt Assosiyasiyasının sədri Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov II Süni İntellekt Zirvəsində bildirib.
O qeyd edib ki, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi nəticəsində ümumi ticarət dövriyyəsi potensial olaraq 500 milyon ABŞ dollarına çata bilər. Energetika, kritik minerallar, nəqliyyat, istehsalat və rəqəmsal xidmətlər bu istiqamətdə əsas inkişaf sahələri kimi qeyd olunub. O bildirib ki, Dünya Bankının hesablamalarına əsasən, strateji investisiyalar və regional inteqrasiyanın gücləndirilməsi nəticəsində 2040-cı ilədək Transxəzər dəhlizi üzrə ticarət həcmi üç dəfədən çox arta, daşınma müddəti isə yarıbayarı azala bilər. Bununla belə, qeyd olunan hədəflərə nail olunması əlaqələndirilmiş investisiyalardan və regional əməkdaşlıqdan asılıdır.
Eyni zamanda, Qazaxıstanın Aktau şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri arasında çəkilmiş 350 kilometrlik Transxəzər fiber-optik kabel xəttinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, oktyabrın 15-də istifadəyə verilən kabel Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirərək məlumatların Avropaya ötürülməsi üçün alternativ marşrut yaradır.
Onun sözlərinə görə, bu infrastruktur elektron gömrük, yüklərin izlənilməsi, ağıllı nəqliyyat sistemləri və transsərhəd rəqəmsal xidmətlərin inkişafına töhfə verə bilər.