Azərbaycan və Böyük Britaniya ticarət və investisiya əlaqələrini genişləndirəcək
Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və Orta Dəhlizin inkişafı istiqamətində birgə fəaliyyəti gücləndirəcək.
Operativ Media xəbər verir ki, bu məsələlər iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə əksini tapıb.
Sənədə əsasən, tərəflər bərpa olunan enerji, infrastruktur və xidmətlər daxil olmaqla, prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını inkişaf etdirməyi, bilik mübadiləsini genişləndirməyi və biznes əlaqələrini gücləndirməyi planlaşdırırlar.
Bəyannamədə regional və beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Tərəflər sərhədlərarası ticarət və investisiyaların asanlaşdırılması məqsədilə nəqliyyat, logistika və infrastruktur layihələrini, eləcə də Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər.
Bundan başqa, Azərbaycan və Böyük Britaniya bərpa olunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər. Bu istiqamətdə əsas məqsədlərdən biri enerji təhlükəsizliyini gücləndirmək və iqlim dəyişikliyinə qarşı dayanıqlılığı artırmaqdır.
Sənəddə maliyyə və kapital bazarları üzrə əməkdaşlığın genişləndirilməsi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məsələləri də yer alıb.
Tərəflər, həmçinin Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət veriblər. Komissiyanın investisiya, iqtisadiyyatın şaxələndirilməsi, Orta Dəhliz və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslərin irəlilədilməsi üçün əsas platforma kimi istifadə olunması nəzərdə tutulur.