Menyu

Deputat: Qarabağ Universitetində 5 minədək tələbənin yataqxana ilə təmin edilməsi planlaşdırılır

Operativ Media
Deputat: Qarabağ Universitetində 5 minədək tələbənin yataqxana ilə təmin edilməsi planlaşdırılır
1 dəq oxu

2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması üçün 3,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün ümumilikdə 5,3 milyard manat ayrılması planlaşdırılır. Bu vəsaitin 3,4 milyard manatı işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasına, yaşayış evlərinin tikintisinə, tarixi-mədəni abidələrin bərpasına və Böyük Qayıdış prosesinə yönəldiləcək.

T.Gəncəliyev qeyd edib ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil, həm də həmin ərazilərdə dayanıqlı iqtisadiyyatın, müasir yaşayış mühitinin və yeni sosial infrastrukturun formalaşdırılması deməkdir.

Deputat Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin inkişafına da diqqət çəkib. O bildirib ki, universitetdə 9 istiqamət və 49 ixtisas üzrə təhsil imkanlarının yaradılması, 5 minədək tələbənin yataqxana ilə təmin edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, həm də Xankəndinin sosial-iqtisadi və intellektual həyatının canlanmasında mühüm rol oynayan strateji layihədir.

T.Gəncəliyev təmsil etdiyi Xankəndi şəhərində, o cümlədən Kərkicahan qəsəbəsində aparılan bərpa və quruculuq işlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini, sakinlərin doğma yurdlarında məskunlaşmasının diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

Deputat, həmçinin 2027-ci ilin dövlət büdcəsinin sosial istiqamətinə toxunaraq sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 7,9 faiz artırılmasının nəzərdə tutulduğunu bildirib.

O, büdcə layihəsinin Azərbaycanın iqtisadi dayanıqlılığının qorunmasına, müdafiə potensialının gücləndirilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə və işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət etdiyini qeyd edib.

Əlaqəli Xəbərlər