Menyu

Deputat: Neftçalada yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac var

Operativ Media
Deputat: Neftçalada yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac var
1 dəq oxu

Neftçala rayonunun Qaravəlli massivində və Yeni Qışlaq kəndində qazlaşdırma problemi var. 

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Tənzilə Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qaravəlli massivində eyni yolun bir tərəfindəki evlər qazlaşdırıldığı halda, digər tərəfində yaşayan ailələr bu imkandan məhrumdur. Yeni Qışlaq kəndində də qazlaşdırma problemi mövcuddur.

T.Rüstəmxanlı Neftçalanın yol infrastrukturunda da ciddi problemlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, rayonda təxminən 6 kilometrlik yol sahəsinin əsaslı təmirinə ehtiyac var.

Deputat, həmçinin Həsənabad qəsəbəsindəki məktəbin qəzalı vəziyyətdə olduğunu və yenidən tikilməsinin zərurətə çevrildiyini bildirib. Qəsəbədə içməli su təchizatının da problemli olduğunu vurğulayan T.Rüstəmxanlı bütün su təchizatı sisteminin yenilənməsinə ehtiyac olduğunu deyib.

O, rayonda işsizlik probleminə də diqqət çəkib. Deputatın fikrincə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində aparılan struktur dəyişiklikləri, işçi ixtisarları, məktəblərin bağlanması və birləşdirilməsi zamanı sosial nəticələr nəzərə alınmalıdır.

“Əgər rayonda yeni iş yerləri yaradılmırsa, mövcud iş yerlərinin də ixtisar edilməsi işsizliyi və sosial narazılığı daha da artıra bilər”, – deyə deputat bildirib.

T.Rüstəmxanlı Neftçalada kənd təsərrüfatı, balıqçılıq, emal sənayesi və digər yerli iqtisadi fəaliyyət sahələri üzrə layihələrin hazırlanmasını, rayona yeni sərmayələrin cəlb edilməsini təklif edib.

Deputat hökumətdən qazlaşdırma, yol infrastrukturu, Həsənabad məktəbi və su təchizatı ilə bağlı məsələlərin yaxın iki-üç ilin dövlət investisiya proqramında nəzərə alınmasını xahiş edib.

Əlaqəli Xəbərlər