Menyu

Sevinc Fətəliyeva: Hövsan və Yeni Suraxanının su-kanalizasiya şəbəkəsi yenilənməlidir

Operativ Media
Sevinc Fətəliyeva: Hövsan və Yeni Suraxanının su-kanalizasiya şəbəkəsi yenilənməlidir
1 dəq oxu

Hövsan və Yeni Suraxanı qəsəbələrində su və kanalizasiya şəbəkələrinin yenilənməsinə, məktəblərdə əlavə tədris korpuslarının tikilməsinə və müasir xəstəxananın inşası imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Suraxanı rayonunun bəzi yaşayış məntəqələrində ciddi infrastruktur problemləri mövcuddur.

Onun sözlərinə görə, Hövsan və Yeni Suraxanıda köhnəlmiş su borularının dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına, qəsəbədaxili yolların təmirinə və küçələrin işıqlandırılmasına ehtiyac var.

S.Fətəliyeva Hövsan kanalının vəziyyətinə də diqqət çəkib. O bildirib ki, kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır.

Deputat kanalın yenidən qurulmasını və müasir təmizləyici qurğuların inşasını təklif edib.

O, həmçinin Hövsandakı 118 saylı və Yeni Suraxanıda yerləşən 316 saylı tam orta məktəblərdə şagird sıxlığının olduğunu bildirərək, əlavə tədris korpuslarının tikilməsinin vacibliyini vurğulayıb.

S.Fətəliyeva əhalinin artımını nəzərə alaraq Hövsanda geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşası imkanlarının da araşdırılmasını təklif edib.

Deputat əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış layihələri də diqqətə çatdırıb. Bunlara Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması və Yeni Suraxanıda yeni uşaq bağçasının inşası daxildir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektlərinin olmadığını deyən deputat həmin ərazinin inkişafı üçün kompleks infrastruktur planının hazırlanmasını təklif edib.

S.Fətəliyeva rayonda iş axtaran, lakin peşə bacarığı olmadığı üçün iş tapa bilməyən gənclər üçün müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasının da vacib olduğunu bildirib.

Deputat qeyd olunan məsələlərin 2027-ci ilin müvafiq investisiya və infrastruktur proqramlarında nəzərə alınmasını təklif edib.

Əlaqəli Xəbərlər