Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Azərbaycan və Gürcüstan arasında münasibətlərin qarşılıqlı hörmət və dəstəyə əsaslandığı, iki ölkənin beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq olduğu bildirilib.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, görüşdə müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsi imkanları, o cümlədən təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunub.
O bildirib ki, iki ölkə arasında mövcud dostluq münasibətləri əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi üçün əsasdır.
Maka Boçorişvili gələn ilin əvvəlində Ceyhun Bayramovu Tbilisidə qəbul edəcəyini söyləyib. Onun sözlərinə görə, qarşılıqlı səfərlər siyasi dialoqun inkişafı, ölkələr üçün mühüm məsələlərin daha geniş müzakirəsi baxımından əhəmiyyətlidir.
Gürcüstan XİN rəhbəri regionda mövcud geosiyasi vəziyyətin ölkələri intensiv dialoqa sövq etdiyini vurğulayıb. O qeyd edib ki, regional proseslərin və baş verən mühüm hadisələrin mütəmadi müzakirəsi, eləcə də Azərbaycan-Gürcüstan əlaqələrinin dərinləşdirilməsi hər iki ölkənin regiondakı mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Nazir, həmçinin Orta Dəhlizin inkişafı məsələsinin müzakirə olunduğunu bildirib.