Ceyhun Bayramov: Enerji layihələri daha geniş coğrafiyanın enerji təchizatı baxımından mühüm əhəmiyyət daşıyır
Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji layihələri yalnız iki ölkə üçün deyil, daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənub Qaz Dəhlizi regionun enerji ixrac marşrutlarının inkişafında mühüm rol oynayıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə reallaşdırılan iri infrastruktur layihələri geniş coğrafiyanın enerji təchizatı xəritəsini dəyişib. Onun sözlərinə görə, bu layihələrin bir qismi uzun illərdir fəaliyyət göstərir, digərləri isə nisbətən yeni olmaqla hazırda icra mərhələsindədir.
Ceyhun Bayramov Azərbaycanın enerji ixracı marşrutlarından danışarkən Bakı-Supsa boru kəmərini də xatırladıb. Bildirib ki, gələcəkdə digər ölkələrin də bu istiqamətdə neft ixracı ilə bağlı real addımlar atması fonunda kəmər yenidən fəaliyyətə başlaya bilər.
XİN rəhbəri Azərbaycanın əsas neft ixrac marşrutlarından biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu kəmər vasitəsilə Azərbaycan nefti Aralıq dənizinə çıxarılır və çoxsaylı ölkələr, o cümlədən Qərbi Avropa dövlətləri uzun müddətdir etibarlı xam neft təchizatı əldə edir.
Bayramov Cənub Qaz Dəhlizinin 2021-ci ilin sonunda tamamlanaraq istifadəyə verildiyini bildirib. Dəhliz Xəzər dənizindəki qaz yataqlarından hasil olunan təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya çatdırılmasını təmin edir. Onun sözlərinə görə, 2021-ci ildən İtaliya və Yunanıstana qaz tədarükünə başlanılıb, daha sonra interkonnektorlar vasitəsilə digər Avropa ölkələrinə də tədarük genişləndirilib.
Nazir bildirib ki, Almaniya və Avstriyanın da Azərbaycan qazını əldə etməyə başlaması ilə qaz alan ölkələrin sayı 16-ya çatıb. Bu ölkələr arasında Avropa İttifaqının üzvlərinin olması enerji təchizatının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ceyhun Bayramov alternativ enerji mənbələrinin Avropa bazarlarına çatdırılması istiqamətində yeni layihələrdən də danışıb. O bildirib ki, 2022-ci ildə Avropa İttifaqı ilə əldə olunmuş razılaşma çərçivəsində alternativ enerji üzrə əməkdaşlıq və mövcud enerji dəhlizlərindən istifadə imkanları nəzərdən keçirilir.
Bu istiqamətlərdən biri Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış dördtərəfli sənəd əsasında nəzərdə tutulan layihədir. Digər layihə isə Xəzər dənizi və Qara dəniz üzərindən enerji kabelinin çəkilməsi, elektrik enerjisinin Avropa bazarlarına, daha sonra digər ölkələrə çatdırılmasını nəzərdə tutur.
Nazir qeyd edib ki, Qara dənizaltı kabel layihəsinin texniki-iqtisadi əsaslandırma işləri tamamlanıb. Layihənin maliyyə baxımından əlverişli olduğu qənaətinə gəlindiyini bildirən Bayramov onun yaxın gələcəkdə yeni enerji ixrac istiqamətinə çevriləcəyinə ümid etdiyini vurğulayıb.
Ceyhun Bayramov sonda Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təchizatına əhəmiyyətli töhfə verdiyini bildirib.