Maka Boçorişvili: Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır
Azərbaycan və Gürcüstan enerji təhlükəsizliyi, enerji mənbələrinin diversifikasiyası və regional bağlantıların inkişafı istiqamətində əməkdaşlığı davam etdirməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, energetika təhlükəsizliyi, enerji asılılığının azaldılması, diversifikasiya və bağlantılılıq Avropanın gündəliyində mühüm yer tutur və bu məsələlər Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.
Nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında onilliklər ərzində formalaşan sıx əməkdaşlıq, dostluq və tərəfdaşlıq əlaqələri bu istiqamətdə yeni imkanlar yaradır. Bu imkanlardan Avropa gündəliyinə və Avropanın təhlükəsizliyinə müsbət təsir göstərmək üçün istifadə edilməlidir.
Maka Boçorişvili Gürcüstanın Avropa İttifaqına üzvlük marağını da vurğulayaraq, bu prosesin Avropa tərəfi ilə dialoqun və əməkdaşlığın gücləndirilməsini tələb etdiyini bildirib.
O əlavə edib ki, Azərbaycan və Gürcüstan Avropanın təhlükəsizliyi, eləcə də müxtəlif regionlarda sabitlik və əmin-amanlığın təmin olunması istiqamətində əməkdaşlıq etməyə hazırdır.